ABŞ Prezidenti Donald Tramp İranla anlaşma memorandumunun mətnini iyunun 19-dək açıqlaya bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Di Vens “Foks Nyus”a danışıb.
“Prezident bəyan edib ki, razılaşma cümə günü təqdim olunacaq. O, sənədi daha əvvəl dərc etmək barədə qərar verə bilər, lakin rəsmi mərasim cümə günü keçiriləcək. Hazırda Donald Tramp memorandumun məhz həmin vaxt açıqlanmasını istəyir”, – deyə o bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ, İran və vasitəçi kimi çıxış edən Pakistanın rəsmiləri Vaşinqton və Tehran arasında Yaxın Şərqdə müharibəyə son qoymağa yönəlmiş razılaşmanın əldə olunduğunu təsdiqləyiblər.
Sənədin imzalanma mərasiminin iyunun 19-da Cenevrədə keçirilməsi planlaşdırılır.
İran Xarici İşlər Nazirliyinin başçısının müavini Kazem Qəribabadi bildirib ki, 60 günlük atəşkəs müddətində tərəflər digər məsələlərlə yanaşı, Tehranın nüvə proqramını da müzakirə edəcəklər.
Eyni zamanda iyunun 15-dən ABŞ-ın İranın dəniz blokadasını dayandırdığı, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırıldığı qeyd olunur.
Əliyar Xəlil
Globalinfo.az