Tramp İranı nüvə sazişindən imtina edəcəyi təqdirdə misli görünməmiş bombardmanlarla hədələyib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində danışıb.
“Əgər onlar (Tehran-red.) razılığa gəlməsələr, heç vaxt görmədikləri bombardmanlar olacaq” – Tramp bildirib.
Bundan əvvəl İran prezidenti Məsud Pəzeşkiyan Trampa göndərilən cavab məktubunda Tehran hakimiyyətinin nüvə proqramı ilə bağlı birbaşa danışıqlardan imtina etdiyini, lakin bu məsələ üzrə vasitəçilər vasitəsilə dialoqu davam etdirməyə hazır olduğunu bildirib.
Fevralın 23-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uolts Vaşinqtonun İranın nüvə tədqiqatlarına qarşı bütün mümkün variantları nəzərdən keçirdiyini açıqlamışdı. Sonradan Tramp bəyan etmişdi ki, Tehranın nüvə silahı hazırlamasının qarşısını ya bombardmanlarla, ya da saziş imzalamaqla almaq mümkündür. O, İranla bombardman olmadan razılığa gəlmək istədiyini də əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az