ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərinə qısa müddət qalmış ermənilərin müdafiəsinə qalxıb. D.Tramp cəfəng ifadələrlə iddia edib ki, xristian ermənilər guya Qarabağdan “kütləvi şəkildə və zorla” köçürülərkən hazırda ABŞ-da vitse-prezidenti postunu tutan Kamala Harris heç nə etməyib.
Tramp erməni lobbisini, erməni amilini heç vaxt saya salmırdı, Azərbaycana da münasibəti loyal idi. Birdən nə baş verdi ki, mövqe bu cür kəskin dəyişdi?
Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, ABŞ seçkilərində erməni məsələsi hər zaman qabarıq formada gündəmə gəlib:
“Bunu həm qondarma erməni soyqırımı, həm də ermənilərin iddia etdiyi Qarabağ məsələləri ilə bağlı görmüşük. Hər zaman ermənilərin mövqeyinə yaxın yanaşma müşahidə edilib. Təcrübəyə görə, bunun əsas niyyəti erməni seçicilərin səsinin toplanmasıdır. Eyni zamanda seçki kampaniyalarına maliyyə məsələsində erməni milyonçular, biznesmenlər Ermənistanın maraqlarına xidmət edən namizədlərə dəstək verirlər. Donald Trampın bu açıqlaması da sözügedən məsləyə hesablanıb”.
Asif Nərimanlı
Politoloqun sözlərinə görə, namizədlər hər zaman belə açıqlamalar versələr də, çox vaxt nə dediklərini unudurlar:
“Donald Tramp prezident olduğu dövrlərdə ABŞ-da erməni lobbisi və diasporu ən çətin günlərini yaşayırdı. Çünki onlar faktiki olaraq Trampın qəbuluna düşə bilmirdilər. Kim Kardaşyanı belə prosesə qatmışdılar ki, onlara bu məsələdə kömək etsin. Trampın prezident seçilməsi fonunda səsləndirdiyi bu fikirlər söz olaraq qalacaq. Praktiki heç bir addım atılmayacaq.
44 günlük müharibə dövründə ABŞ-da Tramp prezident idi və həmin vaxt rəsmi Vaşinqtonun prosesə neytrallığını da müşahidə edirdik. Rəqibini zəif yerindən vurmağa çalışır”.
Safura Bənnayeva
Globalinfo.az