“ABŞ NATO-ya heç vaxt ehtiyac duymayıb. Biz onlardan heç vaxt nəsə istəməmişik”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, Vaşinqton uzun illər Avropanı Sovet İttifaqından, daha sonra isə Rusiyadan qoruyub, lakin bunun qarşılığında real fayda görməyib.
Bir gün əvvəl “Financial Times” və “The Washington Post” mənbələrə istinadən yazıb ki, ABŞ NATO və onun məsləhətçi qruplarından 200 hərbçini geri çağırmağı planlaşdırır. Bu qərar Pentaqonun Avropadakı hərbi mövcudluğunu azaltmaq niyyəti ilə, xüsusilə Qrenlandiya ətrafında yaranan fikir ayrılıqları fonunda izah olunur.
NATO-da üzv ölkələrin müdafiə xərclərinə dair vahid qayda mövcuddur. Tramp 2024-cü ilin dekabrında bəyan edib ki, müttəfiqlər hesabları ödəməsələr, ABŞ alyansdan çıxacaq. Onun ilk prezidentlik dövründə əsas tələbi müdafiə xərclərinin ÜDM-in 2 faizinə çatdırılması idi. 2025-ci ilin iyununda Haaqada keçirilən NATO sammitində isə üzv ölkələrin əksəriyyəti müdafiə xərclərini on il ərzində ÜDM-in 5 faizinə qədər artırmaq öhdəliyi götürüb.
Məlumat üçün bildirək ki, NATO 1949-cu ilin aprelində Vaşinqtonda 12 ölkə tərəfindən kollektiv müdafiə məqsədilə yaradılıb. Hazırda alyansa 32 ölkə daxildir.
Bu arada ABŞ lideri Avropanı da hədələyib. O, bütün kozırların ABŞ-ın əlində olduğunu deyib. Tramp bildirib ki, Avropa ölkələri ABŞ dövlət istiqrazlarını satmağa başlasa, dərhal sərt cavab tədbirləri görüləcək.
“Əgər bu baş verərsə, bizim tərəfdən ciddi tədbirlər olacaq. Bütün kozırlar bizim əlimizdədir”, — deyə Tramp Fox Business telekanalına müsahibəsində vurğulayıb.
Əliyar Xəlil