Tovuzun bu kəndi qaz üzünə həsrət qalıb – “Azəriqaz” nə vəd edir?

Tovuz rayonunda bir neçə kənddə qaz yoxdur. Bu da əhali arasında narazılığa səbəb olur. Məsələn, Şamlıq kənd sakinləri deyirlər ki, yaxın kəndlər qazla təmin edilsə də, növbə onlara gəlib çatmaq bilmir. Sakinlər qışda çətinlik çəkdiklərini bildirirlər.

Mövcud məsələ ilə bağlı Globalinfo.az “Azəriqaz” İstehsalat Birliyinə sorğu ünvanlayıb.

Qurumdan verilən məlumata görə, ölkə üzrə qazlaşmayan kəndlərin və yeni yaşayış massivlərinin qazlaşdırılması SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin gündəliyində duran məsələlərdən biridir:

“Qazlaşma proqramı “Azəriqaz” İstehsalat Birliyinin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Tovuz rayonunun sözügedən Şamlıq kəndinin qazlaşdırılması məsələsinə növbəti mərhələlərdə baxılacaq. Məlumat üçün bildirək ki, hazırda Tovuz rayonunun bir neçə yaşayış massivində küçə qaz xətlərinin çəkilişi işləri həyata keçirilir. Rayonun 104 yaşayış məntəqəsi var ki, bunun da 58-i təbii qazla təmin olunub. Abonent sayı üzrə qazlaşma səviyyəsi isə 92,6% təşkil edir”.

Qeyd edək ki, artıq bir müddətdir ki, “Azəriqaz” İB Şamlıq və digər kəndlərin qazlaşdırılması məsələsinə növbəti mərhələlərdə baxılacağını deyir. Təəssüf ki, növbəti mərhələnin nə zaman çatacağı məlum deyil. Sakinlərə sadəcə, ümid etmək qalır.

Zaira Akifqızı

Globalinfo.az