Torpaqların işğaldan azad edilməsi yekunlaşdı – Zəngəzur dəhlizi nə vaxt açılır?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bununla da torpaqlarımızın işğaldan azad edilmə prosesi tam olaraq yekunlaşdı.

Lakin qarşıdan digər bir hədəf olan Zəngəzur dəhlizinin açılması gəlir. Rəsmi Bakı bu istiqamətdə mühüm işlər görür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, hazırda Azərbaycanın qarşısında duran növbəti vəzifələrdən biri Zəngəzur dəhlizinin açılmasıdır:

“Əvvəl də demişəm, bu məsələ həllini tapmadan sülh müqaviləsi imzalanmayacaq. Bu gün Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın yox, bütün regionun, o cümlədən Ermənistanın özünün xeyrinədir. İrəvan, nəhayət, regional reallıqlarla barışmalıdır.

Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması məsələsi prinsip etibarilə həllini tapıb. Təsadüfi deyil ki, əvvəllər bu məsələyə soyuq yanaşan dövlətlər, o cümlədən İran artıq loyal davranırlar. Bu, rəsmi Bakının növbəti diplomatik uğurudur.

Kənan Novruzov

Son zamanlar Zəngəzur dəhlizinin İrandan keçməsi məsələsi gündəmə gəlib. Düşünürəm ki, İrəvan buna razı olmasa dəhliz İrandan keçəcək. Bu məsələ xüsusilə Tehranla Bakı arasında münasibətlərin normallaşması fonunda kifayət qədər real görünür.

Biz gec-tez məqsədimizə çatacağıq. Zəngəzur dəhlizi məsələsi həllini tapacaq. Amma əgər dəhliz İrandan keçərsə ən çox itirən Ermənistan olacaq. İrəvan özünü regional əməkdaşlıqdan təcrid edərək tarixi səhvə yol verəcək”.

Turan Rzayev
Globalinfo.az