Toplum TV agentura şəbəkəsidir? – Deputat baş verənlərə aydınlıq gətirdi

Toplum TV-nin ofisində və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Xatırladaq ki, eyni proses “Abzas media”da da yaşanmışdı. Xarici donorlar tərəfindən maliyyələşən bütün media və QHT subyektlərində son aylar analoji əməliyyatlar keçirilir. Xarici təşkilatlar və yerli müxalif fəallar bu prosesi Azərbaycan hakimiyyətinin azad medianı susdurması kimi qələmə verirlər. Hüquq-mühafizə orqanları isə xaricdən maliyyələşən bu qurumların rəhbərlərini qaçaqmalçılıq ittihamı ilə mühakimə edir.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, hazırda milli təhlükəsizliyi təhdid edən çox böyük risklər var:

“Bu risklərdən biri də informasiya və ideoloji təhlükəsizliyimizlə bağlıdır. Ona görə də Azərbaycanın quru, hava, dəniz sərhədləri olduğu kimi, informasiya sərhədləri də var. Çox təəssüf ki, informasiya sərhədləri gözlə görünə, əllə tutula bilmir. Bu sərhədlər real ictimai münasibətlərimizə və onun keyfiyyətlərinə müdaxilə edəcək səviyyədə pozulur.

Müxtəlif informasiya resursları, media adı altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlanmalar Azərbaycanın informasiya və ideoloji təhlükəsizliyi üçün risklər yaradırlar. Bu prosesdə belə subyektlərin fəaliyyəti ardıcıl şəkildə izlənməli və müəyyən nəticə çıxartmalıyıq ki, milli təhlükəsizliyimizin əsas komponentindən biri olan informasiya təhlükəsizliyimiz təmin olunsun”.

Safura Bənnayeva
Globalinfo.az