Binaların üstünə HHM buna görə yerləşdirilib – QƏRİBƏ SƏBƏB

“ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, son günlərdə Moskvada hava hücumundan müdafiə sistemləri quraşdırılır. Bildirilib ki, bu, Kremlin Rusiya əhalisini Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazırlamaq məqsədi daşıyır. Kreml müharibənin Rusiya cəmiyyəti üçün daha təhlükəli yeni təsvirini yaratmaq üçün Moskvada hava hücumundan müdafiə sistemləri yerləşdirib. Qərb analitiklərinin hesabatında diqqətçəkən bir neçə məqam var. Bunlardan birincisi məhz paytaxtda hava hücumundan müdafiə sistemlərinin quraşdırılmasıdır. Bu addımı iki kontekstdən qiymətləndirmək olar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, hakimiyyət başa düşür ki, müharibənin miqyasının genişlənməsi və Rusiya ərazisinə keçməsi artıq realdır:

“Qərb dövlətlərinin Ukraynaya verdiyi uzaqmənzilli raketlər və ağır tanklar bu ehtimalı artırır. Doğrudur, savaşın Rusiya ərazisinə keçməsi digər dövlətlərin də müharibəyə qoşulmasını zəruri edə bilər. Bu, ABŞ və müttəfiqlərinə sərf etmir. Lakin hətta fəal hərbi əməliyyatlar başlamasa belə, Rusiya ərazisində hansısa hücumların olması istisna deyil.

Əlbəttə, ehtimal edilən hücumların Moskvada yox, paytaxtdan kənarda olması daha ağlabatandır. Buna baxmayaq, paytaxda hava hücumundan müdafiə sistemlərinin quraşdırılması təsadüfi deyil. Bu, bir tərəfdən şəhərin təhlükəsizliyinin təmin olunması üçündürsə, digər tərəfdən, ictimai rəyi formalaşdırmağa hesablanıb. Hakimiyyət bu yolla xalqa vəziyyətin asan olmadığını izah etməyə çalışmaq istəyə bilər”.

O bildirib ki, Moskvada hava hücumundan müdafiə sistemlərinin quraşdırılması həm də ehtimal edilən növbəti səfərbərlik dalğası üçün zəmin ola bilər:

“Yaxın vaxtlarda səfərbərlik elan olunması gözləniləndir. Rusiya başa düşür ki, istəsə belə, döyüşlər yaxın vaxtlarda dayanmayacaq. Elə ona görə də müxtəlif təbliğat vasitələri ilə ictimai rəyi istədiyi səmtə dəyişməyə çalışır”.

Turan Rzayev
Globalinfo.az