“Titan”da həlak olan ata-oğulla bağlı üzücü fakt – FOTO

Xəbər verdiyimiz kimi, iyunun 19-u turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan “Titan” adlı sualtı qayığın ekipajının bütün üzvlərinin həlak olduğu məlum olub. Sualtı qayıqda partlayışın baş verdiyi bildirilir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində qayıqda həlak olanlar arasında Pakistanın ən varlı şəxslərindən biri olan 48 yaşlı Şahzadə Davudla 19 yaşlı oğlu Süleyman da var.

Süleymanın bibisi Azmeh Davud “NBC News”a açıqlamasında gəncin bu səfərə qatılması ilə bağlı detalları açıqlayıb. Belə məlum olub ki, Şahzadə Davud “Titanik” həvəskarı olsa da, oğlu bu səyahət üçün özünü hazır hiss etməyib. O bildirib ki, Süleyman Atlantik okeanının dibinə səyahət etməkdən qorxduğunu dilə gətirib: “Bu səyahətə hazır olmadığını dedi. Lakin səyahət Atalar Gününə təsadüf etdiyindən Süleyman atasını sevindirmək istəyirdi və buna görə razılaşdı”.

Qeyd edək ki, Süleyman Qlazqoda Strathclyde universitetinin tələbəsi olub. O və atası İngiltərə vətəndaşıdır.