Tiktokda polisə qarşı çıxış edən şəxslə bağlı qərar

Tiktok platformasında Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına əsassız və qərəzli formada iddialar səsləndirən, eləcə də onlar barəsində nalayiq ifadələr işlədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov müvafiq araşdırmalar aparılması məqsədilə polis şöbəsinə dəvət edilib.

Globalinfo.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin bölgə üzrə baş inspektoru, polis kapitanı Eşqin Qasımov Anar Süleymanovun yenidən səs-küy qaldıraraq nizamsız hərəkətlərini davam etdirdiyini, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərdiyini bildirib. Bu hərəkətlərinə görə onu rayon polis şöbəsinə gətiriblər.

Qanunamüvafiq olaraq A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Süleymanov barəsində 30 gün inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Qeyd edək ki, Gəncə şəhər sakini olan A.Süleymanov Daşkəsən rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus örüş sahələrini zəbt edərək qanunsuz olaraq digər şəxslərə icarəyə verib. Onun bu cəhdinin qarşısını polis əməkdaşları aldığına görə A.Süleymanov polis haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirib.