Tiflis küçələrində Rusiya-Qərb toqquşması: “Xarici agentlər” Gürcüstanı qarışdırdı

Gürcüstan parlamentində “Xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi ölkədə ciddi etirazlara səbəb olub. Tiflisdə parlament binası qarşısında aksiya keçirən etirazçılar ilə polis arasında gərginlik yaşanıb. Aksiyanı dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Qəzəbli aksiya iştirakçıları yeni təyin edilmiş Ombudsman Levan İoselaianiyə yumurta atıblar.

ABŞ-ın Gürcüstandakı səfirliyi “Xarici agentlər” haqqında qanun layihəsi və baş verən aksiyalara polisin müdaxilə etməsini “Gürcüstan demokratiyası üçün qara gün” olaraq qiymətləndirib.

“Parlamentin “Xarici agentlər”lə bağlı prosesi irəli aparması Gürcüstan xalqının Avropaya inteqrasiya və demokratik inkişaf arzusu ilə uyğun gəlmir. Bu qanunların ardınca getmək Gürcüstanın strateji tərəfdaşları ilə əlaqələrini zədələyəcək və bu qədər təşkilatların öz həmvətənlərinə yardım məqsədilə önəmli işlərinə mənfi təsir göstərəcək”, – deyə səfirlikdən bildirilib.

Diqqətçəkən digər bir məqam isə Gürcüstan Prezidenti Salome Zurabişvilinin “Xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləməsidir.

Rəfi Orucov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü Rəfi Orucov deyib ki, Gürcüstan xalqı Avropa ailəsinə üzv olmaq üçün illərdir mübarizə apararaq qurbanlar verir:

“Təəssüf ki, Avropa İttifaqı tərəfindən üzvlük statusu ilə bağlı Gürcüstana rədd cavabı gəldi və 14 bəndlik tələblərin əks olunduğu sənəd təqdim edildi. Oktyabr ayına kimi biz o tələbləri yerinə yetirməsək, xalqın bu istəyi yerdə qalacaq.

Hazırkı hakimiyyət Avropa İttifaqına inteqrasiya siyasətindən çox uzaqdır. Siyasi məhbusların mövcudluğu, Mixail Saakaşvilinin əsassız həbs olunması və sağlamlığı ilə bağlı acınacaqlı vəziyyət bu prosesə başlıca maneə törədən amildir.

Dünən isə Gürcüstan parlamenti demokratik dəyərlərə zidd olan qanun layihəsi qəbul etdi. Qanuna əsasən gəliri 20 faizdən çox olan, xarici ölkələr tərəfindən maliyyələşən qurumlara qarşı məhdudiyyətlər tətbiq ediləcək. Bu da azmış kimi həmin qurumlara xarici agent statusu veriləcək. Bu qanun ölkə ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanır. Çünki bu qanun QHT, özəl, media sektorunun, söz azadlığının boğulmasıdır”.

 

R.Orucovun sözlərinə görə, xarici ölkələrin çağırışlarına baxmayaraq bu qanun qəbul edildi:

“Qeyd edim ki, eyni qanun Rusiyada da qəbul edilib. Bu, hakimiyyətin Rusiyayönümlü olduğunun bir daha sübut edir. Rusiya bizim ölkənin torpaqlarını işğal edib. Rusiya Gürcüstanın düşmənidir və hakimiyyətin Rusiyayönümlü siyasəti təbii olaraq xalqda böyük aqressiya yaradır.

Biz bu mübarizəmizi sonadək aparacağıq. Dünən etirazçılara gözyaşardıcı qaz, su, güc tətbiq edildi, onlarla fəal, gənc həbs olundu, lakin bu, bizi mübarizədən çəkindirmir. Biz ölkəmizin azadlığı və suverenliyi, Avropanın gələcəyi üçün sonadək vuruşmağa hazırıq”.

Turan Rzayev

Globalinfo.az