Minaya düşən şəxsin son durumu açıqlandı – YENİLƏNİB

 

Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşən 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin son vəziyyəti açıqlanıb.

Globalinfo.az bildirir ki, bu barədə Trend-ə Bərdə rayon Mərkəzi xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri Bəhruz Abbasov məlumat verib.

O qeyd edib ki, Y.Hadiyev bu gün səhər saatlarında Tərtər rayon Mərkəzi xəstəxanasından təcili yardım avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına gətirilib.

“Xəstə mina partlaması nəticəsində xəsarətlər alıb və xəsarətləri sol aşağı ətrafın pəncə nayihəsinin travmatik amputasiyasıdır. Xəstəyə ilkin yardım olundu və əməliyyata alındı. Əməliyyat uğurla keçdi, hal hazırda xəstənin vəziyyəti orta ağır stabildir, müalicəsi davam etdirilir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Vətən Müharibəsindən sonra ümumilikdə 284 nəfər minaya düşüb, onlardan 130 nəfər mülki şəxs, 154 nəfər hərbi qulluqçudur.

***14:41

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi barədə məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Məlumata əsasən, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəsarət alıb: “Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”.

***13:47

Bu gün Tərtərdə mina partlayışı olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə məlumat daxil olub: “Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb”.

Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir.