“Tərtər işi”ndə şok ifadə: “Günü 20 manata kanalizasiya təmizlədiyim yerdə gəlib məni tutublar”

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə məhkəmə araşdırmaları davam edir. 2017-ci ildə Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verməkdə suçlananlardan 4 nəfərin mühakiməsi yekunlaşır. Bunlar Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur.

Tərtər işgəncələri ilə bağlı mühakimə olunanların hamısının işi üzrə araşdırmaları Bakı Hərbi Məhkəməsinin hakimləri aparırlar. Lakin Bakı Hərbi Məhkəməsində iclas zalları kiçik olduğundan məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Oktyabrın 10-da məhkəmədə prokuror Orxan Səmədov deyib ki, adları çəkilən şəxslərə verilən ittihamlar sübuta yetirilib. Prokuror təklif edib ki, R.Ələsgərova 12 il, V.Ələsgərova 10 il, R.Niftəliyevə 9 il, R.Qarayevə isə 8 il 6 ay həbs cəzası verilsin.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 293-cü (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341-ci (vəzifə səlahiyyətlərini aşma) və s. maddələri ilə ittiham olunurlar. MAXE olmuş R.Ələsgərov işgəncə nəticəsində həyatını itirmiş şəxslərin ölümündə də suçlanır. Ancaq o deyir ki, kimsəsiz olduğundan başqalarının təqsirini onun üzərinə atıblar:

“Yetim adamam, heç kimim yoxdur. Xəstə uşağıma dərman ala bilmirəm. Mən günü 20 manata kanalizasiya təmizlədiyim yerdə gəlib məni tutublar. Mən adi MAXE idim. Orada bizi yığıb, işgəncə verdikləri binanın mühafizəsinə aparmışdılar. Məni heç binanın içinə buraxmırdılar”.

Prokurorun çıxışından öncə həm zərərçəkənlər, həm də təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatət qaldırıblar.

Tərtər hadisələrində işgəncə nəticəsində ölən hərbçi Elçin Quliyevin anası Validə Əhmədova bildirib ki, üstündən 6 il keçsə də, oğlunu kimin öldürdüyünü hələ öyrənə bilməyib. O bu hadisələrdə əli olan şəxslərə dövlətə xəyanət və qəsdən adam öldürmə ittihamları verilməsini, bu əsasla da işin ibtidai istintaqa qaytarılmasını tələb edib.
İşgəncə nəticəsində həyatını itirən başqa bir hərbçi Süleyman Kazımovun qardaşı Əhəd Kazımov deyir ki, korpus komandiri olmuş general Hikmət Həsənovun nəinki məsuliyyətə cəlb olunmaması, ümumiyyətlə, dindirilməməsi anlaşılan deyil:

“Sanki sürücüsü Hikmət Həsənov olan avtobusda mütəşəkkil dəstə var. Avtobus aşıb. Amma sürücü ortada yoxdur…”.

Prokuror adları çəkilən yüksək vəzifəli şəxslərin çağrılıb dindirilməsinə etirazını bildirərək deyib ki, “Tərtər işi” üzrə istintaq davam edir. Bu məhkəmədə 4 nəfərin işinə baxılır.

Həmin arqumentə dayanan məhkəmə qaldırılmış vəsatətlərin heç birini təmin etməyib.

Globalinfo.az