Bakıda terror xəbərdarlığının arxasındakı hədəf: “Ola bilsin…”

Ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə təhsil müəssisəsində, iri ticarət mərkəzlərində təxribat törədiləcəyi, terror olacağı ilə bağlı məlumatlar paylaşılmaqdadır. Bu məlumat cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, bu, saxta hesablardan yayılan yalan məlumatlardır. Sözügedən qruplaşma daha öncə də başqa ölkələrdə eyni məzmunlu paylaşım edib.

Buna baxmayaraq narahatlıq qalmaqdadır. Belə məlumatların yalan olduğu deyilsə də, təhlükəsizlik tədbirləri gücləndirilməlidirmi?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, xəbərlər yalan olsa belə, təhlükəsizlik tədbirləri artırılır:

“Təhsil müəssisələrindən tutmuş bir çox yerdə ciddi tədbirlər görülür, şübhəli məqamlar nəzərə alınır. Hüquq-mühafizə orqanları lazımi tədbirlər görür. Azərbaycanı indi hansısa formada terror aktı ilə sınağa çəkmək mümkün deyil. Çünki istənilən bu kimi təhlükələrin qarşısını almağa qadir rəsmi qurumlarımız var. Bütün hallarda vətəndaşlar da ayıq olmalı, dövlət orqanlarının fəaliyyətini dəstəkləməlidir”.

Təhlükəsizlik üzrə ekspert Rəşad Rza isə vurğulayıb ki, bu, terror qruplaşmalarının metodudur:

“Dəfələrlə yanlış məlumat verərək, güc strukturlarını bir növ arxayınlaşdırmağa çalışırlar. Bunlar “Qorxu terroru”, “Media terroru” hesab edilir. Bu kimi informasiyalar insanları qorxuya salır. Terrorun törədilib-törədilməməsi isə onların hədəfindən asılıdır. Ola bilər ki, əvvəlcə yanlış məlumat versinlər və ardınca fəaliyyətə keçsinlər. Dünya təcrübəsində bu kimi hallara rast gəlinir. Terror hadisələrinin qarşısının alınması üçün tədbirlər artırılmalıdır. Azərbaycanda böyük miqyasda terrorun baş tutacağı gözlənilmir”.

Safura Bənnayeva
Globalinfo.az