Təqaüdçüləri aldadan bankomat oğrusu ələ keçdi – VİDEO

Binəqədidə naməlum şəxs bankomatın qarşısında təqaüdçülərin etibarından sui-istifadə edərək onların kartında olan pulu ələ keçirib.

Globalinfo.az-ın DİN-in Mətbuat xidmətinə istinadən xəbərinə görə, kart sahibi BRP-nin 6-cı Polis Bölməsinə müraciətində bildirib ki, bankomatın qarşısında pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan şəxsə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra o, bankomatdan çıxan pulu götürərək hadisə yerindən yayınıb. Eyni məzmunlu şikayətlə Binəqədi rayon sakini olan daha 3 nəfər polisə müraciət edib. Onlar da kartlarından müxtəlif məbləğlərdə pulların qeyd edilən üsulla ələ keçirildiyini bildiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fizuli Nəcəfov saxlanılıb. Saxlanılan şəxs əsasən ondan kömək istəyən yaşlı şəxslərin pensiya kartlarında olan pul vəsaitlərini ələ keçirib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Fizuli Nəcəfovun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, “102” Xidməti Zəng Mərkəzinə və DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.