Tələbələrin nəşi Vətənə gətirilir – Saat açıqlandı

15.02.2023  09:11

“Bizə verilən məlumata görə, bu gün Türkiyə vaxtı ilə saat 12:00-da uşaqların nəşi İstanbula aparılacaq”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Malatyada zəlzələ nəticəsində həlak olan azərbaycanlı tələbələrdən Samir Quliyevin qohumu Ramal Şəmşədli deyib.

O, tələbələrin nəşinin Vətənə gecə saatlarında gətiriləcəyini bildirib:

“Nəşləri saat 23:00-da İstanbuldan Bakıya gətiriləcək. Yəqin ki, saat 2-yə hava limanına çatmış olarlar. Türkiyədə ekspertiza olunduğu üçün birbaşa evlərinə gətirəcəklər. Dəfn mərasimi isə sabah baş tutacaq”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Zəlzələlər həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Zaira Akifqızı
Globalinfo.az