Suriya başda olmaqla bütün region ölkələrinə təsir edən hadisələrdə Türkiyənin masa başında və meydanda olması İsrail rəsmilərini qorxudur. Türkiyənin Yaxın Şərqdə artan nüfuzu ilə bağlı İsraildə təhlükəsizlik toplantısı keçirildiyi bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “İsrail Hayom” qəzeti yazıb.
Nəşr Təl-Əviv rəhbərliyinin Türkiyənin Suriyadakı addımlarından narahat olduğunu bildirib.
“The Jerusalem Post”a danışan iki İsrail rəsmisinin sözlərinə görə, görüşdə Türkiyənin bölgədə artan təsiri və bunun İsrail üçün nəticələri müzakirə edilib.
İclasda İsrailin müdafiə naziri İsrael Katz, xarici işlər naziri Gideon Saar, Baş Qərargah rəisi Herzi Halevi və bəzi yüksək səviyyəli rəsmilərin iştirak etdiyi bildirilib.
İsrail rəsmisi bildirib ki, Türkiyənin bölgədə artan nüfuzu ilə bağlı baş nazir Benyamin Netanyahunun da yaxın günlərdə görüş keçirməsi gözlənilir.
“İsrail Hayom” qəzeti Türkiyənin Rusiya və İranı əvəz edərək Suriyanı peyk dövlətə çevirməyə çalışdığını və bunun İsrail rəsmiləri üçün narahatlıq mənbəyinə çevrildiyini də yazıb.
Xəbərdə Suriyadakı son hadisələrin və prezident Rəcəb Tayyib Ərdoğanın hərəkətlərinin İsrail liderlərinin yuxusunu qaçırdığı vurğulanıb. İsrail rəsmiləri Türkiyənin Suriyadakı addımlarının iki ölkə arasında ciddi çəkişmələr yaradacağını gözləyirlər. Ancaq Təl-Əvivin PKK-YPG mövzusunda birbaşa Ankara ilə qarşıdurma yaratmaq istəmədiyi qeyd edilib.
Müşviq Tofiqoğlu
Globalinfo.az