Etiraz doğuran “əsgərlik” reklamı haqda açıqlama – FOTO

Tələbə Təhsil Mərkəzi hazırlıq kursları doktoranturaya hazırlıqla bağlı reklamı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, reklam üçün hazırlanmış paylaşımda doktoranturaya qəbul ilə hərbi xidmətdən azad olunmanın mümkünlüyünə diqqət çəkilib. Sosial şəbəkə istifadəçiləri bunun hərbi xidmətdən yayınmaya çağırış kimi anlaşıldığını bildirərək sərt tənqidlər səsləndiriblər.

Məsələ ilə bağlı Tələbə Təhsil Mərkəzi hazırlıq kurslarından Globalinfo.az-a bildirilib ki, bu reklam qanunauyğun şəkildə hazırlanıb:

“Biz cənab Prezidentin imzaladığı qanuna əsasən, reklamı o şəkildə təqdim etmişik. Bu hamı tərəfindən eyni münasibətlə qarşılanmaya bilər, normaldır. Hər kəsin öz düşüncəsi var. Amma tənqidləri də etik çərçivədə qeyd etmək daha yaxşı olardı. O reklam əsla insanları hərbidən yayındırmaq kimi başa düşülməməlidir. Əksinə, bu vasitə ilə tələbələri elmə səsləmişik. Biz bununla mövcud qanunu aktual mövzu kimi diqqətə çatdırmışıq. Nəticədə doktoranturaya hazırlaşmaq istəyənləri kursumuza dəvət etmişik. Sadəcə, qanunun bu maddəsindən marketinq baxımından fərqli şəkildə istifadə etdik”.

Ayşən Mustafa
Globalinfo.az