Təhsil ekspertindən qızına avtomobil alan ata ilə bağlı sərt sözlər

Bakıda atanın universitetə qəbul olunmuş qızına üzərində “Tələbə qızım” yazılmış avtomobil hədiyyə etməsi ilə bağlı müzakirələr səngimir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi də görüntüləri tənqid etdiyini bildirib.

O deyib ki, avtomobil almaq qəbahət deyil:

Keçid ballarında bu il müəyyən qədər fərq yaranacaq" - Elçin Əfəndi

Elçin Əfəndi

“Alsınlar, heç kim demir almasınlar. Allah hər kəsin ruzisini versin. Amma avtomobilin qeydiyyat nömrəsi yerinə “tələbə qızım” ya “oğlum” yazmaq özünü bir növ cəmiyyətə tanıtmaqdır. Bunların hamısı konkret göstəriş üçündür. Belə bir vəziyyətin olması uçurumun kənarında dayanmaq deməkdir. Dəyərləndirməni ümumilikdə aparsaq, bu il ali təhsil müəssisinə 70 min sənəd verən var. Onlardan cəmi 57 min nəfəri ali təhsil müəssisini qazandı. Onlar arasında səhv etmirəmsə 48 faizi qızlardır. Əksəriyyəti bölgələrdən paytaxta gələnlərdir. Bunların evi olmayanı, yataqxanada qalanı, kirayə ev tutanı var. Avtomobili universitetə aparan ata bunları düşünməli idi”.

E.Əfəndi deyib ki, bu hadisə Finlandiyada baş versəydi avtomatik olaraq həmin avtomobilin sahibi tapılar və araşdırılardı:

“Avropa ölkələrində bəziləri kofeyə artıq pul verəndə onun əlavə gəliri sorğulanır. Qardaş, bunu apar evində təqdim elə, yığ qohum-əqrəbanı başına de ki, bunu övladına hədiyyə almısan. Universitetin qarşısında 19-22 minlik tələbə kontingenti olan universitetin qarşısında bunu etmək nəyə lazımdır?! O ərazilər demək olar tələbələrin qaynadığı yerdir. Sən gətirib bunu bu şəkildə təqdim etməklə nəyə nail olmaq istəyirsən?!”

Ekspert bu yaxınlarda Ucar rayon icra başçısının 600-dən çox bal toplayan tələbələrə 5 manat 80 qəpiklik saat bağışlamasını xatırladıb:

“Həmin ata da gedib o maşını alınca, yüksək bal toplayan qızlar üçün müvafiq olaraq vəsait ayırar, tələbənin daha çox ehtiyac duyduğu noutbuk və ya planşet alıb verərdi. İnanın, elə etsə daha yaxşı reklam qazanmış olardı!”

Qeyd edək ki, sözügedən hadisə Bakı Dövlət Universitetinin (BDU) qarşısında baş verib.

Zaira Akifqızı
Globalinfo.az