image

İsrailin hücumu İrana nüvə silahı yaratmaqdan başqa çarə buraxmaya bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Junge Welt” qəzetində dərc olunan analitik məqalədə qeyd edilib.

Nəşrdə yazılır ki, İsrailin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi son hücum Tehran və regiondakı digər ölkələri özünü qorumaq üçün nüvə bombasına sahib olmaq fikrinə daha da yaxınlaşdıra bilər.

“Baş nazir Benyamin Netanyahu və tərəfdarları uzun zamandır İranla müharibə arzusundadır. Netanyahu bu preventiv hücumu İranın heç vaxt atom bombasına sahib olmaması zərurəti ilə əsaslandırır. Əslində isə İran öz mülki nüvə proqramını inkişaf etdirir və bu, onun hüququdur. Tehran MAQATE ilə əməkdaşlıq edir. İsrail isə – 1960-cı illərdən ABŞ və Fransa ilə əməkdaşlıq sayəsində regiondakı yeganə nüvə dövləti – MAQATE ilə əməkdaşlığı rədd edir. İsrail nə BMT-yə, nə onun Nizamnaməsinə, nə də beynəlxalq hüquqa hörmət edir”, – deyə qəzet yazır.

Məqalədə bildirilir ki, İsrailin hücumu həm İrana, həm də atom proqramlarını inkişaf etdirən Fars körfəzi ölkələrinə bu qənaətə gəlmək üçün təkan verə bilər: yalnız nüvə silahı onların sağ qalmasına təminat verə bilər.

Almaniyanın digər qəzetlərində də mövzuya toxunulub.

“Augsburger Allgemeine” yazır ki, İranın nüvə sektorunun tamamilə məhv edilməsi yalnız ABŞ Hərbi Hava Qüvvələrinin genişmiqyaslı dəstəyi ilə mümkün ola bilər. Qəzetin fikrincə, hələlik Tehranda özünümühafizə instinkti qisas hissinə üstün gəlir.

“Lakin bunun yenidən baş verəcəyinə heç bir zəmanət yoxdur”, – deyə qeyd olunur.

“Stuttgarter Nachrichten” isə yazır:

“Tehranın nöqteyi-nəzərindən belə bir sual yaranır: əgər İsrail eyni anda hərbi hücumlar həyata keçirirsə, ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlar nəyə xidmət edə bilər? Hətta İran indi danışıqlara getsə belə, yeni İsrail hücumlarını gözləməyə məcbur olacaq. Bu isə İran üçün nüvə proqramı ətrafındakı qarşıdurmanı həyat və ölüm məsələsinə çevirir”.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: