Xəbər verdiyimiz kimi, ABŞ Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etmək planından imtina edib. Vaşinqton bunun müqabilində İrana dondurulmuş aktivlərinin bir hissəsini azad etməyi təklif edib.
Tehran bu təkliflə razılaşacaq? ABŞ İrandan Hörmüz boğazını satın alır? Bu cür təəccübləndirici, ilk baxışdan cazibədar görünən təklifin reallaşması İran iqtisadiyyatını və dəniz hakimiyyətini ələ keçirmək məqsədi daşıyırmı?
Globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, ABŞ İran məsələsində hələlik ciddi strateji uğur əldə edə bilməyib:
“İsraillə bağlı proseslərdə də Vaşinqtonun gözlədiyi nəticələr tam reallaşmayıb. Məlumdur ki, bir sıra dövlətlər bu məsələdə ABŞ-a açıq dəstək vermədi. Xüsusilə Avropanın bir çox ölkələri müxtəlif səbəblərlə ABŞ-ın mövqeyini tam şəkildə dəstəkləməkdən çəkindilər. Əgər bu proses ABŞ üçün konkret siyasi nəticə verməzsə, bu, onun beynəlxalq nüfuzuna da mənfi təsir göstərə bilər. Məhz buna görə Vaşinqtonun İranla hərbi qarşıdurmadan daha çox siyasi dialoq yolu ilə nəticə əldə etməyə çalışdığı müşahidə olunur. Bu baxımdan İrana irəli sürüldüyü bildirilən təkliflər maraq doğurur. Belə ki, İranın müəyyən addımlar atması müqabilində dondurulmuş aktivlərinin bir hissəsinin azad edilməsi ehtimalı müzakirə olunur. Bu, onu göstərir ki, ABŞ artıq hərbi müstəvidən daha çox diplomatik və siyasi vasitələrlə uğur qazanmağa üstünlük verməyə çalışır”.
Faiq Ələkbərli
Siyasi şərhçi bildirib ki, bu cür təşviqedici təkliflər İranı müəyyən güzəştlərə sövq edir:
“Nəticədə tərəflər arasında müəyyən razılaşmaların əldə olunması ehtimalı da artır. Çünki İranın da öz milli maraqları var və bunu təmin etmək üçün ABŞ-la məhdud da olsa, anlaşmaya getməsi mümkündür. Eyni zamanda, ABŞ-ın İran iqtisadiyyatına təsir göstərə biləcək siyasi və iqtisadi alətlərdən istifadə etməsi də istisna deyil. Vaşinqton müxtəlif vasitələrlə həm öz strateji maraqlarını qorumağa, həm də İranın davranışına müəyyən təsir göstərməyə çalışır. Ümumilikdə, beynəlxalq siyasətdə proseslər sürətlə dəyişə bilir və müxtəlif ssenarilər mümkündür. Bu baxımdan ABŞ-İran münasibətlərində müəyyən yumşalma və dialoqun genişlənməsi ehtimalını tamamilə istisna etmək olmaz”.
Ləman İmran
Globalinfo.az