tehran baki moskva 1 900x523 1

Bakı-Tehran xəttində dialoqun aktivləşməsi fonunda, Moskva ilə münasibətlərdə də gərgin ritorikanın zəiflədiyi və normallaşma əlamətlərinin göründüyü bildirilir. İyunun 18-də Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasının keçirilməsi də bu prosesin göstəricilərindən biri kimi qiymətləndirilir.

Mövcud dinamikanın uzunmüddətli strateji dəyişiklik, yoxsa müvəqqəti yaxınlaşma olması isə müxtəlif cür dəyərləndirilir.

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Azərbaycanın həm İran, həm də Rusiya ilə münasibətlərində son aylarda nisbi yumşalma müşahidə olunur, lakin bunu strateji dönüş kimi qiymətləndirmək üçün hələ tezdir:

“İranla Azərbaycan arasında münasibətlərdə gərginliyin azalması daha çox qarşılıqlı praqmatizmlə izah oluna bilər. Xüsusilə regional geosiyasi dəyişikliklər, nəqliyyat dəhlizləri və təhlükəsizlik məsələləri Bakı ilə Tehranı dialoqu davam etdirməyə vadar edir. Bununla belə, tərəflər arasında dərin etimad böhranının tam aradan qalxdığını demək çətindir. Ona görə də indiki yaxşılaşma daha çox taktiki təsiri bağışlayır.

Rusiya ilə münasibətlərə gəldikdə isə, müəyyən “ilıqlaşma” elementləri həqiqətən görünür. Son dövrlərdə Moskvanın Bakıya qarşı sərt ritorikasının zəifləməsi və parlamentlərarası təmasların aktivləşməsi normallaşma siqnalı kimi qiymətləndirilə bilər. Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası da bu baxımdan mühüm siyasi mesaj daşıyır. Ancaq burada bir məqamı nəzərə almaq lazımdır: Bakı–Moskva münasibətləri emosional yox, daha çox maraqlar balansı üzərində qurulub.

elman telmanoglu politoloq 1 900x621 1

Elman Telmanoğlu

Politoloq deyib ki, hazırkı yumşalma tərəflərin bir-birinə strateji güzəşt etməsindən deyil, qarşılıqlı gərginliyi idarəolunan səviyyədə saxlamaq istəyindən qaynaqlanır:

Rusiya regionda təsir imkanlarını qorumağa çalışır, Azərbaycan isə suveren qərarvermə xəttini davam etdirir. Mənim yanaşmama görə, həm Tehran, həm də Moskva ilə münasibətlərdə müşahidə olunan müsbət dinamika ehtiyatlı optimizm yaratsa da, bunu sabit və uzunmüddətli normallaşma kimi təqdim etmək doğru olmaz.

Hazırda daha çox “idarə olunan yaxınlaşma” mərhələsi yaşanır və bu münasibətlərin gələcək trayektoriyası regional proseslərdən, xüsusilə Cənubi Qafqazdakı güc balansından ciddi şəkildə asılı olacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Paylaş: