virus 1

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təcili iclas keçirəcək.

Globalinfo.az xəbər verir ki, buna səbəb Konqo Demokratik Respublikasında yayılan Ebola epidemiyasıdır.

Buna nadir “Bundibugyo” Ebola ştammının səbəb olduğu bildirilir və indiyə qədər ən azı 131 nəfər ölüb.

Hazırda ölkədə 500-dən çox şübhəli yoluxma halı qeydə alınıb.

ÜST nümayəndəsi Anna Ansia epidemiyanın qısa müddətdə bitməyəcəyini deyib. Onun sözlərinə görə, əvvəlki Ebola epidemiyası iki il davam edib və hazırkı vəziyyət də ciddi narahatlıq yaradır.

Yoluxmaların real sayının açıqlanan rəqəmlərdən daha çox ola biləcəyi ehtimal edilir.

Mütəxəssislər bildirirlər ki, “Bundibugyo” ştammına qarşı təsdiqlənmiş peyvənd və xüsusi dərman yoxdur.

Virus əvvəlcə qızdırma, halsızlıq və əzələ ağrıları ilə başlayır, daha sonra qanaxma və orqan çatışmazlığına səbəb ola bilir.

Xəstəlik əsasən yoluxmuş insanların və heyvanların bədən mayeləri ilə təmas zamanı yayılır.

Rəsmilər epidemiyanın ilk mərhələsində yanlış testlər səbəbindən vaxt itirildiyini açıqlayıblar.

Hazırda müşahidə, təmasların izlənməsi və sərhəd nəzarəti gücləndirilir.

ÜST və beynəlxalq qurumlar virusun daha geniş yayılmasının qarşısını almaq üçün bölgədə fövqəladə tədbirlər görür.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: