“Təhlükəli adam” İrəvanda: Bakının zərbə istiqaməti…

Ermənistan hakimiyyəti KTMT-dən çıxma prosesini başladıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında hərbi ekspert Hayk Nahapetyan deyib.

“Vəziyyət heç də Paşinyan və onun siyasi çevrəsinin dediyi kimi deyil. Biz KTMT-ni tərk edirik və bu, dərhal olacaq. Bu bütöv bir prosesdir. Uğur qazanacaq, ya yox – böyük sualdır.

Niyə NATO-nun təyin etdiyi yeni nəzarətçi, NATO-nun keçmiş baş katibi Anders fon Rasmussen Ermənistana gəldi və məhz İstisuya (Cermuk) getdi? Mən demişdim ki, bura Azərbaycanın Ermənistandan iki vilayəti kəsməyə cəhd etdiyi zərbə istiqamətidir. Şərqdən zərbə – İstisuya (Cermuk), cənubdan, Naxçıvandan Vayka (Soylan (1956-cı ildən 1994-cü ilə qədər isə Əzizbəyov adlandırılıb), Dərələyəzin bir hissəsi – Naxçıvanla Kəlbəcər arasındakı ərazi nəzərdə tutulur red.). Bəli, Cermuk ən həssas yerlərdən biridir.

Düşünürəm ki, Rasmussen Ermənistanın mövqeyini korrektə etməyə gəlmişdi. Ermənistan Nikol Paşinyanın simasında KTMT ilə hərbi və hərbi-texniki əməkdaşlıqdan imtina edib, onun müşahidəçilərinin gəlməsinə də imkan verməyib. İstisna etmirəm ki, müşahidəçilərin ardınca Ermənistana KTMT sülhməramlıları da gələ bilərdi. Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib və Ermənistanda Ukraynada baş verən aksiyaların memarı olan şəxs var. Vaxtilə o, (Rasmussen nəzərdə tutulur – red.) Poroşenkonun (Ukraynanın sabiq prezidenti) hərbi müşaviri olub. Onun səfəri təhlükə ilə doludur”, – Nahapetyan deyib.

Ekspert bildirib ki, vəziyyət ermənilər üçün faciəvidir: “Çünki bu adamın gəlişi regionun tezliklə partlayacağı anlamına gəlir – Ermənistan-Azərbaycan, Azərbaycan-İran, İran-Türkiyə”.

Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları Qərbin planlarından, xüsusən də Cənubi Qafqazda hansı məqsədləri güddüklərindən yaxşı xəbərdardır:

“KTMT-nin baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri təsadüfi deyil. Hələ ki, rəsmi məlumat yoxdur, amma olmasa, mən bunu bütün bu şəkildə qiymətləndirə bilərəm: Ermənistanın indiki hakimiyyətini təmsil edən Paşinyanın əli ilə Qərbin başlatdığı “boşanma” prosesi hazırda davam edir”.