
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nabatiya vilayətinin Tul qəsəbəsində yerləşən bir binaya hava zərbəsi endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, hazırda həmin yaşayış məntəqəsi üzərində İsrailə məxsus pilotsuz uçuş aparatları müşahidə olunur.
Bundan əvvəl İsrail ordusunun rəsmi nümayəndəsi Aviçay Edri “X” hesabında yerli sakinlərə müraciət edərək dərhal təxliyə olunmalarına çağırış edib. Onun sözlərinə görə, qırmızı rənglə işarələdiyi bina və ona yaxın digər tikililər Livandakı şiə təşkilatı “Hizbullah”a məxsus obyektlərdir.
“Sizin və ailənizin təhlükəsizliyi naminə bu binaları dərhal tərk etməli və onlardan ən azı 500 metr uzaq durmalısınız”, – deyə bəyanatda qeyd olunub.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına əsasən, aviasiya qüvvələri Livanın qərbində yerləşən Beka vadisinə də zərbələr endirib. Ordu bu hücumun hədəfinin “raket buraxılış qurğuları və silahlarla təchiz olunmuş hərbi obyekt” olduğunu açıqlayıb. Həmin obyektin “Hizbullah” silahlı dəstələri tərəfindən istifadə edildiyi və burada terror fəaliyyəti qeydə alındığı bildirilib.
Bundan əlavə, Cənubi Livanda da bir sıra hərbi infrastruktur obyektlərinə və raket qurğularına zərbələr endirildiyi bildirilib.
“Bu bölgədə silah-sursatın mövcudluğu və “Hizbullah”ın fəaliyyəti İsrail ilə Livan arasında mövcud atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasıdır. İsrail Müdafiə Qüvvələri ölkəyə yönələn hər hansı təhlükəni aradan qaldırmaq və “Hizbullah”ın terror potensialını bərpa etmək cəhdlərinin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək”, – deyə açıqlamada vurğulanıb.
Aysel Əliyeva
Globalinfo.az