TƏCİLİ: “Ordumuz bu məntəqələri nəzarətə götürməlidir” – Hərbi ekspert

“Erməni separatçılarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində nəinki “təlim” keçməsi, mövcud olması belə qanunsuzdur. Bu, faktiki olaraq sülhməramlıların vəzifə borclarını yerinə yetirmədiyini, məsuliyyətsiz yanaşma sərgilədiyini göstərir”.

Bu sözləri Globalinfo.az-a hərbi ekspert Ədalət Verdiyev erməni separatçıların qanunsuz silahlı dəstələrinin Xocalıda “təlim”ə başlaması haqda danışarkən deyib.

Onun sözlərinə görə, “təlimlər”in keçirilməsi ilə bağlı Azərbaycan tərəfi mütləq Rusiya Müdafiə Nazirliyinə nota verməli, ən qısa zamanda qarşısını almalıdır:

“Baş verən proseslərdən məlum olur ki, erməni silahlılarının Qarabağda olmasına zəmanət verən qüvvə məhz Rusiya sülhməramlı kontingentidir. Rəsmi Moskva separatçıları ən qısa zamanda tərksilah edib, Azərbaycandan çıxarmalıdır. Bunun üçün sülhməramlılar mütləq qrafik tərtib edib bizə təqdim etməlidir.

Ədalət Verdiyev

Erməni silahlıların çıxarılmasına dair qrafik bizə verilməyənə kimi Azərbaycan tərəfi daha əvvəl olduğu kimi mülki erməni əhalinin yaşamadığı ərazilərdə, daha dəqiq desək, strateji yüksəkliklərin, yol qovşaqlarının, su anbarlarının, mədənlərin, nəzarətini öz əlinə almalıdır.

Erməni kontingentin Qarabağdan çıxarılması onların tərksilah edilməsi ilə müşahidə olunmalıdır. Əks halda, onlar Azərbaycan ordusu üçün legitim hədəf halına gələcək”.

Turan Rzayev
Globalinfo.az