TDT XİN başçıları ABŞ-da görüşdü

22 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Ceyhun Bayramov görüşdə iştirakından məmnunluq duyaraq Nyu Yorkda Türk evində iclasın yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana minnətdarlığını bildirib.

Ceyhun Bayramov üzv dövlətlər arasında qarşılıqlı etimadın qurulmasında dövlət başçılarımızın rolunu xüsusi qeyd edib, onların sıx təmaslarının və dostluq münasibətlərinin əlaqələrin inkişaf dinamikasını şərtləndirdiyini, beynəlxalq aləmdə uğurlu qarşılıqlı fəaliyyətə töhfə verdiyini bildirib.

Görüşün gündəlikdəki əsas məsələləri müzakirə etmək üçün daha bir fürsət olaraq dəyərləndirən nazir Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının hazırda inkişaf dövrünü yaşadığını, tam gücü ilə fəaliyyətini davam etdirdiyini, üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndiyini, təşkilatın beynəlxalq səviyyədə rolunun yüksəldiyini məmnunluqla vurğulayıb. Bu xüsusda, Türk Dövlətləri Təşkilatı Katibliyinin heyətinin, xüsusilə baş katib cənab Kubaniçbek Ömüralıyevin fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Çıxışda Özbəkistanın uğurlu sədrliyi vurğulanıb, 2023-cü il noyabrın 3-də Qazaxıstanda keçiriləcək Dövlət Başçılarının 10-cu Zirvə Görüşünün ən yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub.

Üzv dövlətlər tərəfindən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Türk İnvestisiya Fondu kimi Türk Dövlətləri Təşkilatının tabeliyində olan və əlaqəli qurumların fəaliyyətinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb.

Çıxışda Özbəkistan və Qazaxıstan tərəfindən Azərbaycanın işğaldan azad edimiş Füzuli rayonunda reallaşdırılan və reallaşdırılmaqda olan layihələrin dövlətlərimiz arasında dostluq rəmzinə çevrildiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov regionun nəqliyyat-tranzit potensialının tam şəkildə reallaşdırılmasının, ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində birgə səmərəli tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhliz boyu yeni nəqliyyat qovşağının açılması baxımından həlledici rol oynayacağını bildirib.

Çıxışında Azərbaycan Ermənistan arasında sülh gündəliyi və normallaşma məsələlərinə toxunan nazir Ceyhun Bayramov son üç ildə aparılan danışıqlarda müəyyən müsbət irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistanın ziddiyyətli və destruktiv yanaşmasının Cənubi Qafqazda sülhü relsindən çıxardığını, Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı qüvvələrini saxlayaraq yalnız 2020-ci il Üçtərəfli bəyanatını pozmadığını, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı və xarici havadarlarının köməyi ilə regionda sülh və təhlükəsizliyə xələl gətirdiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə məlumat verib. Azərbaycan tərəfindən suveren torpaqlarında həyata keçirilmiş tədbirlərlə bağlı ölkəmizə göstərilmiş dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq bildirilib.

Qeyd edilənlər xüsusunda, üzv ölkələri və mövcud türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə dayanmağın və güclü olmağın vacibliyi vurğulanıb.