Kritik tarix yaxınlaşır – Çin “güc yolu ilə edəcəyik” dedi

“Tayvan adasında yanvarın 13-də prezident və parlament seçkiləri keçiriləcək. Beynəlxalq aləm bu seçkiləri diqqətlə izləyəcək, çünki seçkinin nəticələri bölgədəki durumun hansı istiqamətdə inkişafını müəyyənləşdirəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Pekin Tayvandakı seçkilərin nəticələrinə təsir etməyə çalışır:

“Çindən yayımlanan bəyanat və açıqlamalarda Tayvan seçicilərinin doğru qərar verməsi istənilir. Pekin Tayvanda yaşayan çinliləri inandırmağa çalışır ki, Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələr seçkidə qələbə qazanarsa, bu, bölgədə müharibə riskini artıracaq və bundan yerli sakinlər əziyyət çəkəcəklər. Pekin Tayvanın iqtisadi imkanlarını məhdudlaşdıracağına və ada ilə bütün iqtisadi əlaqələrini kəsəcəyinə işarə edib.

Buna baxmayaraq, adanın müstəqilliyini dəstəkləyən Demokratik Proqressiv Partiyası və bu partiyanın prezidentliyə namizədi Uliyam Lay sorğularda liderliyini qoruyur. Müxalif mövqedəki “Qomindan” Partiyasının lideri Hou Yui rəqibi ilə arasındakı fərqi azaltmağa çalışır. “Qomindan” Pekinlə dialoqun tərəfdarıdır. Bu mənada Pekin seçkidə məhz bu partiyanın qələbəsini arzulayır. Yaponiyanın “Nikkei” qəzetində yayımlanan məqalədə yazılıb ki, Çinlə iqtisadi əlaqələri olan Tayvan şirkətlərinin işçilərinə “Qomindan” partiyasının namizədlərinə səs vermək məsləhət bilib. Demokratik Proqressiv Partiyasının üzvləri Çini adanın daxili işlərinə qarışmaqda ittiham edirlər”.

Politoloqun sözlərinə görə, ABŞ Demokratik Proqressiv Partiyasını dəstəkləyir:

“Çünki bu partiya Vaşinqtonla strateji müttəfiqliyin tərəfdarıdır. Partiya liderinin ada administrasiyasına rəhbər olduğu 8 ildə Tayvanla Pekin arasında dialoq dondurulub. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin adaya səfərini də məhz Demokratik Proqressiv Partiyasının lideri təşkil etmişdi. 2022-ci ilin avqustunda gerçəkləşən  səfər Vaşinqtonla Pekin arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirdi. Halbuki Ağ Ev administrasiyası da Pelosinin səfərinin əleyhinə idi.

Elxan  Şahinoğlu

Pekin Tayvan sakinlərinə iki seçim verib: ada sakinləri Demokratik Proqressiv Partiyasına səs versələr, müharibə ilə üzləşəcək, “Qomindan”a səs versələr isə sülhə, dialoqa və Çinlə birləşməyə üstünlük verəcəklər. Çinin hazırkı lideri Si Szinpin də Tayvan sakinlərini tez-tez xəbərdar edir. Szinpin ötən il Çin Kommunist Partiyasının qurultayında açıq dedi ki, Pekinin danışıqlar yolu ilə Tayvanı Çinlə birləşdirməsi alınmasa, başqa üsullardan istifadə ediləcək, yəni ada güc yolu ilə birləşdiriləcək. Szinpin bu yanaşmasını ötən ilin dekabrın 26-da Çinin qurucu lideri Mao Tsedunun anadan olmasının 130 illiyində də təkrarlayıb: “Vətən birləşməlidir və bu bütün hallarda baş verəcək”.

Turan Rzayev
Globalinfo.az