“Amerikalı əfsanəvi boksçular Mayk Tayson və Floyd Meyvezer arasında gözlənilən nümayiş matçı sentyabrın sonunda baş tuta bilər”.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “CSI Sports” promouter şirkətinin hüquqşünası Cad Bernşteyn açıqlayıb.
Məlumata görə, “CSI Sports” şirkəti Meyvezerə qarşı rəsmi müqavilə şərtlərini pozduğu üçün Nyu-Yorkda məhkəmə iddiası qaldırıb. Şirkət rəsmiləri iddia edirlər ki, Floyd Meyvezerə Mayk Tayson və Menni Pakyao ilə keçiriləcək döyüşlərin təşkilində eksklüziv promouter hüququ qazanmaq üçün öncədən 4,65 milyon dollar avans ödənilib. Lakin buna baxmayaraq, boksçunun iyunun 27-də Afinada məşhur yunan kikboksçusu Mayk Zambidis ilə nümayiş matçına çıxacağını elan etməsi müqavilənin kobud şəkildə pozulması kimi dəyərləndirilib.
İyunun 25-də Nyu-Yorkda Meyvezer-Zambidis döyüşünün məhkəmə yolu ilə qadağan edilməsinə dair şifahi dinləmələr keçirilib. Proses zamanı “CSI” təmsilçisi qeyd edib ki, Tayson-Meyvezer qarşıdurması üçün ilkin tarix olaraq sentyabrın 26-sı nəzərdə tutulub. Meyvezer və Pakyao arasındakı tarixi revanşın isə gələn ilin yanvar ayında keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Mayk Tayson sonuncu dəfə 2024-cü ilin noyabrında rinqə çıxıb və hakimlərin yekdil qərarı ilə bloqer-boksçu Ceyk Pola məğlub olub. “Dəmir Mayk”ın aktivində 50 qələbə (44-ü nokautla) və 7 məğlubiyyət var.
Floyd Meyvezer isə sonuncu döyüşünü 2024-cü ilin avqustunda Con Qoti III ilə keçirib. Həmin nümayiş matçında qalib müəyyənləşməyib, çünki reqlamentə əsasən qələbə yalnız nokautla qeydə alına bilərdi. Karyerası boyu məğlubiyyət dadmayan Meyvezerin hesabında 50 rəsmi qələbə (27-i nokautla) mövcuddur.