Tarixin sensasion sui-qəsdinin “varisi” ermənilərə verdiyi sözü tutacaq? – “Hər şey buna hesablanıb”

Sui-qəsd nəticəsində qətlə yetirilən keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi Ermənistana və Qarabağ ermənilərinə müraciət edib.

ABŞ prezidentliyinə müstəqil nazmizədliyini irəli sürən R.Kennedi onlara dəstək olacağını, prezident seçildikdən sonra Vaşinqtonun təsir rıçaqlarından istifadə edib Azərbaycana təzyiq göstərilcəyini, ermənilərin Qarabağa köçürülməsi və onlara status verilməsinin təmin olunacağını bildirib.

Kennedi prezident seçildiyi təqdirdə ermənilərə vədlərini reallaşdıra bilərmi? Azərbaycan onun bu hüquqa zidd və Azərbaycanın suverenliyini təhdid-təhqir edən açıqlamalarına necə reaksiya verməlidir?

Milli Məclisin deputatı Naqif Həmzəyev mövzu ilə bağlı Globalinfo.az-a açıqlamasında bildirib ki, Kennedinin səsləndirdiyi fikirlərin məqsədi aydındır:

“Sirr deyil ki, ABŞ-da prezident seçkiləri ərəfəsində erməni lobbisinin maliyyə dəstəyini əldə etmək, səsini qazanmaq üçün onlara müxtəlif vədlər verilir. Bu ənənə hələ də davam etməkdədir. Düşünürəm ki, Qarabağla əlaqədar verilən vədlər, Ermənistana hansısa dəstəyin göstərilməsi, Azərbaycana müxtəlif təzyiqlərin edilməsi və s. keçmişdə qalan məsələlərdir. Artıq yeni reallıqlar yaranıb. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra, xüsusi ilə separatizmin kökünü kəsməklə bütün bu mövzuları həll edib. Ermənistan Azərbaycanın ərazisi bütövlüyünü tanıyır. İrəvan üçün artıq Qarabağ problemi deyə bir anlayış yoxdur. Ermənistan öz müstəqilliyini qoruya bilmək üçün Azərbaycanla sülh razılaşması əldə etməkdən başqa çıxış yolunun olmadığını anlayır”.

Naqif Həmzəyev: “Yeni qanun layihəsi siyasi sistemimizin daha da  təkmilləşdirilməsinə gətirib çıxaracaq” - Yeni Gəncə

N.Həmzəyev seçkilər ərəfəsində ermənilərə müxtəlif vədlər verilməsinin, lakin sonra reallaşmamasının öncələr də olduğunu deyib:

Onsuz da bu ölkəni çətin vəziyyətə salan havadarları hazırda Ermənistandan sözün əsl mənasında istifadə edirlər. Bu gedişlə İrəvan daha da zəifləyə, çox çətin bir vəziyyətə düşə bilər. Hesab edirəm ki, zərrə qədər düşünmə qabiliyyəti olan ermənilər verilən vədlərin əslində nəyə hesablandığını anlayırlar. Çox gözəl başa düşürlər ki, Cənubi Qafqazda güc balansının dəyişməsi və Ermənistanın Rusiyanın nəzarətindən tamamilə ayrılıb Qərbə yönəlməsi çox da mümkün görünmür. Xüsusilə də güclü Azərbaycana qarşı Ermənistanın maraqlarını müdafiə etmək o qədər də asan məsələ deyil. Düşünürəm ki, verilən vədlər sadəcə seçki prosesi üçündür. Hətta bu kimi vədlər verərək hakimiyyətə gələn prezidentlər sonra ermənilərə qarşı həmin sözlərini ya qismən yerinə yetirib, ya da ümumiyyətlə tuta bilməyiblər.

“Azərbaycan öz ərazi bütövlüyü, suverenliyinə qarşı təhdidlər hiss etdiyi zaman bunu həmişə önləyib, mübarizə aparıb. Prezident İlham Əliyev bütün çıxışlarında bu məsələyə toxunub. Region dövlətləri, Azərbaycanla əməkdaşlıq edən ölkələr, beynəlxalq təşkilarlar bütün bunları nəzərə almalıdırlar. Rəsmi Bakıya qarşı səsləndirilən xoşagəlməz fikirlər, açıqlamalar yerində cavablandırılır. Gələcəkdə də istənilən təhdidin qarşısı uğurla alınacaqdır” – deputat qeyd edib.

Ayşən Mustafa

Globalinfo.az