Tarixi addım: Azərbaycan bu ölkənin müstəqilliyini tanıya bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi statusunda üzv qəbul edilməsini təklif edib. Daha sonra Şimali Kipr Türk Respublikası təşkilata  müşahidəçi kimi üzv olub.

Hazırda Türkiyəni çıxmaqla TDT-nin heç bir üzvü və ya təşkilatda müşahidəçi statusuna malik ölkələr Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımır.

Maraqlıdır, TDT-nin növbəti sammitlərində Şimali Kipr Türk Respublikasının müstəqilliyi tanına bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınması məsələsi çox gecikib:

Əziz Əlibəyli: "Azərbaycana qarşı sanksiyalara hazırlıq var"

“Əvvəlcə qeyd edim ki, sözügedən Zirvə Görüşü “Naxçıvan” sənədinin redaktə olunması ilə yadda qaldı. Bu həm də digər türk ölkələrinin TDT-yə inteqrasiyasını özündə ehtiva edir. Nəzərə almaq lazımdır ki, beynəlxalq reallıq dəyişir və bu reallıqlar fonunda türk ölkələrinin inteqrasiyasına, vahid bir mərkəzdə toplaşmasına, eləcə də birlik nümayiş etdirməsinə ehtiyac var. Şimali Kiprin TDT-yə müşahidəçi kimi qəbul edilməsi də bu baxımdan tarixi hadisədir. Hesab edirəm, növbəti sammitlərdə Şimali Kiprin beynəlxalq subyekt kimi tanınması da həll edilməlidir.

Azərbaycan bu illər ərzində Qarabağ faktoruna görə Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıya bilmirdi. Türkiyə də bunu hər zaman anlayışla qarşılayıb. Fikrimcə, bu məsələ həll edildiyinə görə Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıya bilərik”.

Ə.Əlibəylinin sözlərinə görə, Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi kimi üzv olması faktiki olaraq təşkilatın onun müstəqilliyini tanıması deməkdir:

“Hesab edirəm, qarşıdakı illərdə TDT-yə üzv və müşahidəçi kimi qəbul edilən ölkələr Şimali Kipr Türk Respublikasının dövlət müstəqilliyini tanıyacaqlar. Səmərqənddə həm də bu prosesin ilk addımı atıldı”.

Turan Rzayev
Globalinfo.az