Tarixdə nəticə qalır – Mahir Emreli

“Nə qədər yaxşı oyun sərgiləsən də, tarixdə nəticə qalır. Reallıq odur ki, hər kəs bunu yadda saxlayır”.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli Belçikaya 0:1 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ matçı ilə bağlı danışarkən deyib.

26 yaşlı hücumçu həmin qarşılaşmada 1 xala layiq olduqlarını bildirib: “Məncə, 1 xal əldə edə bilərdik. Artıq növbəti görüşlərdə yaxşı oyunla kifayətlənməməli və nəticə qazanmalıyıq”.

Emreli İordaniyaya 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşünə də toxunub: “Hər iki qarşılaşma bizim üçün ağır keçdi. Bunu tək rəqiblər baxımından demirəm. Meydanın ot örtüyü də yaxşı deyildi. Bu, bəlkə də “Araz-Naxçıvan”ın ev qarşılaşmalarını burada keçirməsi ilə əlaqədardır. Birinci matçda durum nisbətən yaxşı idi. İkinci görüşdə tam olaraq yaxşı futbol yox, döyüşkən oyun sərgiləmək lazım gəldi. Meydanın durumu və rəqib bunu tələb edirdi”.

Forvard İordaniyanın aqressiv və döyüşkən kollektiv olduğunu diqqətə çatdırıb: “Onları təhlil edəndə də bunu görürdük. Hər matçda bütün güclərini meydanda qoyurlar. Belçika açıq oynuna imkan verirdisə, İordaniya çətinlik yaradırdı”.