Tarif Şurası qiymət artımına hazırlaşır? – RƏSMİ CAVAB

Adətən yanvar ayının ilk günləri benzin, elektrik, qaz və digər sahələrdə bahalaşma müşahidə olunur. Artıq illərdir yeni ilin əvvəlində qəfil bahalaşmalara şahidlik edirik.

Bəs bu il necə, Tarif Şurası sürpriz bahalaşmalara hazırlaşırmı?

Globalinfo.az məsələ ilə bağlı Tarif Şurasına (TŞ) müraciət edib. TŞ-dən verilən cavabı təqdim edirik:

“Ökədə qanunvericiliyə və mövcud iqtisadi siyasətə uyğun olaraq, tarif tənzimlənməsi istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, zəruri sahələr və hallar istisna olmaqla subsidiyaların aradan qaldırılması, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif səviyyəsi, malın (işin, xidmətin) ölkədaxili istehsal şərtləri və s. bu kimi amillər nəzərə alınaraq optimal qiymətlər tətbiq edilməklə həyata keçirilir.

Qeyd etdiyniz mal və xidmətlər üzrə tarif tənzimlənməsi məsələsi Tarif (qiymət) Şurasının gündəliyində yoxdur və bununla bağlı Şuraya müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən müraciət daxil olmayıb”.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki, Azərbaycanda inflyasiya çox yüksək olduğundan qiymətlər son iki ildə sürətlə artır:

“Tarif Şurasının nəzarətində olan qiymətlərin hansısa formada artırılması inflyasiyanın daha da sürətlənməsinə zəmin yarada bilər. İstənilən mal və xidmətin maya dəyərində benzin, dizel yanacağı, elektrik enerjisi və təbii qazın qiymətləri hesablanır. Ona görə də düşünmürəm ki, indiki çox kəskin inflyasiya şəraitində Tarif Şurası tərəfindən hansısa ciddi addım atılsın”.

İqtisadçının sözlərinə görə, nəqliyyatla bağlı qərarların verilməsi ehtimalı var:

“Yaxın həftələrdə sərnişindaşımada gedişhaqlarının artırılması ilə bağlı qərar qəbul oluna bilər. Amma elektrik enerjisi, təbii qaz və yanacaq barədə hansısa qərarların verilməsi gözlənilmir. Ən azından, məntiqlə olmamalıdır, çünki inflyasiyanın sürətlə tüğyan etdiyi bir dövrdə hökumət bu addımı atsa, əhalinin sosial vəziyyəti daha da ağırlaşa bilər”.

Zaira Akifqızı
Globalinfo.az