arzum hokm 2 scaled

Tiktoker İlduzə Hacıyeva (“Arzum999”) barəsində çıxarılan həbs hökmü cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bir çoxları baş verən yol qəzasında həyatını itirən şəxsin də məsuliyyət daşıdığını düşünür. Onların fikrincə, mərhum avtomobili yüksək sürətlə idarə edib və sağdan ötməli olduğu halda soldan ötməyə cəhd göstərib. Buna baxmayaraq İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

Bəs tanınmış xanımlar bu məsələ barədə nə düşünür?

Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu məsələdən xəbərdar olduğunu bildirib:

novella ozel 12 1

Novella Cəfəroğlu

“Moniturinq qrupunun üzvləri olaraq məsələ ilə yaxından tanışıq. Qəti şəkildə hakimin verdiyi qərarla razı deyilik. Hakimin qərarının yenidən araşdırılmasını və düzgün qərar verilməsini gözləyirik”.

Tanınmış telejurnalist İlhamiyyə Rza mövzu ilə bağlı Globalinfoa bildirib ki, belə hallarda əsas müzakirə predmeti şəxsin populyarlığı deyil, hüquqi prosesin özü olmalıdır:

“Bilmirəm, qanunvericilikdə bununla bağlı xüsusi tənzimləmə varmı, amma tanınmış şəxslərin məhkəmə prosesləri ətrafında qeyri-adi ictimai atmosfer formalaşır. Halbuki söhbət yol-nəqliyyat hadisəsindən gedirsə, qəza özü-özlüyündə qəsdən törədilmiş cinayət deyil. Bu, hər kəsin başına gələ biləcək hadisədir. Əgər hüquqi məsuliyyət yaradırsa, bunun olub-olmamasını və hansı həddə olduğunu müəyyən etmək məhkəmənin vəzifəsidir. Lakin əgər məhkəmə ehtiyatsızlıq nəticəsində baş vermiş yol qəzası ilə qəsdən insan həyatına son qoyan cinayət arasında cəza baxımından ciddi fərq qoymursa, bu artıq qərarın əsaslandırılması ilə bağlı suallar yaradır”.

İ.Rza deyib ki, məlum olan faktlara görə, həmin xanım hadisə yerindən qaçmayıb:

“Əksinə, hadisə yerində olub, təcili yardım çağırılıb və sonradan əvvəlcədən planlaşdırdığı kimi yaşadığı ölkəyə gedib. Əgər məqsədi məsuliyyətdən yayınmaq olsaydı, ümumiyyətlə geri qayıtmaya da bilərdi. Halbuki o, Azərbaycana qayıdıb və məhkəmə qarşısına çıxmaqdan çəkinməyib. Mediada səslənən iddialara görə, ondan müəyyən məbləğdə kompensasiya tələb olunduğu, lakin bununla razılaşmadığı bildirilir. Bu isə onun özünü təqsirli hesab etmədiyini və hüquqi müstəvidə günahsız olduğunu düşündüyünü göstərir. Hesab edirəm ki, bu hadisədə həmin xanım da müəyyən mənada zərərçəkən tərəfdir. Çünki qəza zamanı onun və övladının həyatı təhlükə ilə üzləşib, ciddi psixoloji sarsıntı keçiriblər. Bu hadisənin yaratdığı stressin təsirləri uzun müddət davam edə bilər. Bu baxımdan onların da yaşadıqları mənəvi zərərin nəzərə alınması vacibdir”.

Jurnalist məhkəmənin işinə müdaxilə etmək niyyətində olmadığını qeyd edib:

“Sadəcə, bu hadisə ictimai müzakirəyə çıxarıldığı üçün insanlar da mövcud faktlar əsasında qiymətləndirmə aparırlar. Fikrimcə, ittihamın hüquqi əsasları cəmiyyətə kifayət qədər aydın izah edilməyib. Əgər əsas ittiham ondan ibarətdirsə ki, sürücü arxaya baxmayıb, bu arqument özü kifayət qədər əsaslandırılmalıdır. Yol hərəkəti qaydaları çərçivəsində sürücü dönmə işarəsini verməli, manevrə hazırlaşmalı və hərəkəti qaydalara uyğun yerinə yetirməlidir.

ilhamiyye rza esas

İlhamiyyə Rza

Eyni zamanda, digər hərəkət iştirakçılarının da öz öhdəlikləri var. Bu hadisə ilə bağlı bir sıra yol hərəkəti üzrə mütəxəssislər və təcrübəli sürücülər müxtəlif hüquqi və texniki arqumentlər irəli sürüblər. Bu arqumentlər fonunda məhkəmənin qərarının hüquqi əsaslandırılması cəmiyyət üçün kifayət qədər aydın görünmür. Məncə, bu işə apellyasiya instansiyasında yenidən baxılması məqsədəuyğun olardı. Burada söhbət konkret olaraq TikTok fenomenindən yox, istənilən sürücünün düşə biləcəyi hüquqi vəziyyətdən gedir. İstənilən insan oxşar hadisə ilə üzləşə bilər. Buna görə də məsələyə emosiyalarla deyil, hüquqi meyarlarla yanaşmaq daha düzgün olar”.

İlhamiyyə Rza deyib ki, bəziləri İlduzənin hadisədən sonra normal həyatına davam etməsini, sosial şəbəkələrdə paylaşım etməsini və ya fəaliyyət göstərməsini tənqid edir:

“Lakin bu, hüquqi məsuliyyətin müəyyən olunması üçün meyar sayıla bilməz. O, mərhumu tanımırdı, onun ölümünü istəmirdi və dəfələrlə ailəsinə başsağlığı verdiyini, hadisədən dərin təəssüf hissi keçirdiyini ifadə edib. Kimisə “qatil” kimi təqdim etmək isə hüquqi baxımdan da, mənəvi baxımdan da düzgün yanaşma deyil. Qəsdən törədilən cinayətlə ehtiyatsızlıq nəticəsində baş verən yol-nəqliyyat hadisəsi arasında ciddi hüquqi fərq var. Əgər şəxsin cinayət məsuliyyəti daşıdığı iddia olunursa, bunun hansı konkret qaydanın pozulması nəticəsində baş verdiyi hüquqi cəhətdən əsaslandırılmalıdır. Mənəvi baxımdan isə heç bir normal insan başqa birinin həyatını itirməsini istəməz. Bu hadisə faciədir və hər iki tərəf üçün ağır nəticələr doğurub. Buna görə də məsələyə emosional yanaşmaq yox, hüquqi prinsiplər əsasında qiymət vermək daha doğru olar”.

Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova deyib ki, nəzərə alsaq ki, avtomobildə olan Amalın xanımı ağır xəsarətlər alıb, eşitmə qabiliyyətini itirib, bu, təkcə ailə üçün yox, cəmiyyət üçün də ağır faciədir:

“İlduzənin tiktoker fenomeni və 4 uşaq anası olması bu hadisəni daha çox səs-küylü, dramatik edib. Ona görə cəmiyyətdə müxtəlif fikirlərin səslənməsi təbiidir. İnsanlar hadisənin bütün təfərrüatlarını, ekspertiza rəylərini və məhkəmədə araşdırılmış sübutları bilmədən yalnız mediada yayılan məlumatlar əsasında nəticə çıxarırlar, hətta irəli gedib qərar verirlər. Fikrimcə, məhkəmənin qəbul etdiyi qərara hörmətlə yanaşmaq lazımdır.

elnure abusova 1

Elnurə Abuşova

Hesab edirəm ki, belə hallarda əsas məsələ sürücülərin məsuliyyət hissinin artırılmasıdır. Əgər tərəflərin və ya ictimaiyyət nümayəndələrinin hökmün ədalətliliyi ilə bağlı razılaşmadığı məqamlar varsa, qanunvericilikdə nəzərdə tutulmuş apellyasiya və digər hüquqi mexanizmlər mövcuddur. Cəmiyyət olaraq insan həyatının qorunmasını, qanunun aliliyini və məhkəmə qərarlarına hüquqi müstəvidə qiymət verilməsini prioritet hesab etməliyik”.

E.Abuşova qeyd edib ki, mərhum yüksək sürətlə sürüb və görüntülər sübut edir ki, tiktoker də sükan arxasında canlı yayımda olub:

“Qəzadan sonra zərərçəkmişlərin ailəsinə baş çəkmədən Almaniyaya gedib və oradan yüngül həyat tərzini təbliğ edib, vulqar ifadələrlə bol videolarına davam edib, mərhumun ünvanına qeyri-etik ifadələr işlədib. Cəmiyyət empati qurmaq böhranı yaşayır. Əvvəllər anaların yaylığını yerə atması ilə qan davaları dayanıb, çox qırğınların qarşısı alınıb. İlk gündən İlduzə böyükləri ilə birgə Amalın qohumlarının yanında olmalı, dəfnə, yasa, yaralı xanımın xəstəxana xərclərinə dəstəyini təklif etməli idi. O zaman məsələ bu qədər dramatikləşməzdi. İlduzə xanımdır, anadır, 4 övladı var, olanla ölənə çarə yoxdu. İstərdim ki, hər iki tərəf bundan sonrakı həyatlarının sakit keçməsi üçün kompromis varianta gəlsinlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: