Təranə Səmədovanın 7 aylıq qızı da həbsxanada qalacaq? – AÇIQLAMA

“Təranə Səmədovanın kiçik qızı 7 aylıqdır, amma buna baxmayaraq, o, anası ilə həbsxanada qala bilməz”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə həbsdə olan prodüser T.Səmədovanın övladlarının anada qalması ilə bağlı danışarkən deyib.

O bildirib ki, uşaq həbsxanada dünyaya gələrsə, o zaman ana ilə qalması mümkündür:

“Uşaq həbsxanada dünyaya gəlməyib. Böyük uşağın 13 yaşı var, balaca isə 7 aylıqdır. Uşaqları bir-birindən ayırmaq da düzgün addım olmaz. Amma qanun çərçivəsində çalışırıq ki, uşaqlarla ananın ünsiyyətini təmin edək.

T.Səmədova hələ təcridxanadadır. Bu, onun həbs olunub məhkumluq həyatı yaşaması anlamına gəlmir. Uşaq istintaq dövründə ananın yanında qala bilməz. Əgər ana övladına süd verirsə, o zaman buna icazə vermək olar”.

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci maddəsinə uyğun olaraq barəsində açılmış cinayət işi üzrə tutularaq istintaqa cəlb edilib.

Zaira Akifqızı
Globalinfo.az