Tanınmış plastik cərrah evində öldürüldü – FOTOLAR

Mayın 7-də saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Globalinfo.az-a bildirilib ki, aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Məhəmməd Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhəmməd Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

“Qafqazinfo”nun məlumatına görə, qətlə yetirilən Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.

Qətli törədən Məhəmməd Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir.

Hadisənin hansı zəmində baş verməsi hələlik məlum deyil.