Model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən vəhşicəsinə döyülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə model özü məlumat yayıb.
R.Aliyeva deyib ki, onun döyülməsinə səbəb Ziyadan ayrılması olub:
“Mənə tanımadığım nömrədən gələn mesaja görə günlərlə döyürdü. Gedib araşdırırdı, günahım olmadığını biləndə isə gəlib onu bağışlamağım üçün yalvarırdı. Telefonumu alıb hər kəslə mənim adımdan yazışırdı ki, görsün, kimləsə yazışıram ya yox və eyni zamanda bu gün üçün material hazırlayırdı. Sonra isə yazışmaları silirdi ki, mən görməyim. Şəkillərimi özünə göndərirdi ki, məni şantaj edə bilsin. Məni evdə bağlı qapı arxasında saxlayırdı ki, qaça bilməyim. Məni günlərlə döyürdü, bıçaqla işgəncə verirdi, sonra da halsız bədənimi duşa aparıb qanı və öz əl izlərini yuyurdu. Hansısa rəfiqəmin sirrini gizlədiyim üçün də məni döyürdü. O məni hər şeyə görə döyürdü! Mən isə ondan qaça bilmirdim! Ondan qorxurdum! Qorxurdum ki, bu barədə kimsə bilər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək. O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Və əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur”.
Model paylaşımında Daxili İşlər Nazirliyinin (DİN) rəsmi instaqram hesabını işarələyib.
Bundan başqa, R.Əliyevanın görüntüləri, yazışmaları, şəxsi fotoları paylaşılan TikTok səhifəsi açılıb. İddia olunur ki, təqdim olunan mesajlar Raziyə məxsusdur və o, sevgilisinə xəyanət edib. Həmin hesabın ifşa məqsədilə Ziya Hüseynzadə tərəfindən açıldığı da deyilir.
Globalinfo.az-ın əməkdaşı Ziya Hüseynzadə ilə əlaqə saxlamağa çalışıb. Lakin Z.Hüseynzadə zəng edənin jurnalist olduğunu eşidən kimi, telefonu qapadıb və nömrəni blok edib.
Daxili İşlər Nazirliyi (DİN) model Razi Əliyevanın sevgilisi tərəfindən döyülməsi iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.
“Araşdırma aparılır. Əlavə məlumat veriləcək”, – DİN rəsmisi vurğulayıb.
Zaira Akifqızı
Globalinfo.az