
Aşpaz və layihə rəhbəri kimi tanınan Məcid Şamiloğlunun ifası sosial şəbəkələrdə maraqla qarşılanıb.
Globalinfo.az-a danışan Məcid Şamiloğlu əslində aşpazlıqla heç bir əlaqəsinin olmadığını bildirib:
“Efirə aşpaz kimi çıxmağım ən böyük səhvim olub. Şuşa Musiqili Dövlət Dram Teatrında birinci dərəcəli vokal aktyor olaraq çalışmışam. İki universitet bitirmişəm. İlk təhsilim ekologiya ilə bağlı olsa da, ikinci təhsilim teatr rejissorluğudur.
İfa etməyimdə bacımın da əməyi var. Bacım musiqi müəllimi idi deyə evə gələn kimi mənə dərs keçirdi”.
M.Şamiloğlu deyib ki, imkansızlıqdan efirdə aşpaz kimi görünməyə məcbur qalıb:
“Anamın ayağı amputasiya olunmuşdu deyə ona baxdığım üçün həmin vaxt teatrdan ayrılmışdım. 2012-ci ildə atamı, 2013-cü ildə isə anamı itirdim. Kirayədə yaşayırdım, kirayəhaqqını ödəyə bilmirdim. Elə oldu ki, məni televiziyaya dəvət etdilər. Orada mövzu bölgə mətbəxi ilə bağlı idi. Bundan bir həftə sonra işə çağırdılar. Məcbur qalıb, qəbul etdim. Qısa müddət sonra layihə rəhbəri oldum, amma çox peşmanam, kaş ifaçı kimi davam edərdim. Sırf o işlə məşğul olub sonradan müğənni olanlar var idi, lakin mən əvvəldən incəsənətlə məşğul olmuşam, kitablarım da var. Şükür, nəhayət, özümə aid auditoriya toplamışam”.
Zaira Akifqızı
Globalinfo.az