Talıbovların bahalı hədiyyələr verdiyi deyilən xanım müğənnilər danışdı

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladlarının Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verməsi, həmçinin yüksək məbləğdə qonorarlar ödəməsi ilə bağlı xəbər gündəmin əsas mövzularından biridir. Bu müğənnilər sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir.

Globalinfo.az həmin müğənnilərlə sözügedən iddialara cavab almaq üçün əlaqə saxlamağa çalışıb.

Müğənni Vəfa Şərifovanın meneceri bahalı hədiyyə iddiasını təkzib edib:

“Bəli, Vəfa xanım Naxçıvanda konsert verib. Amma ona kimsə artıq pul və ya hədiyyə verməyib. İfaçını ora təşklilatçılar dəvət edib”.

Müğənni Damlanın köməkçisi də yayılan xəbərlərin şayiə olduğunu bildirib:

“Naxçıvana konsertə getmişik, amma bizi ora təşkilatçılar dəvət edib. Talıbovların adı çəkilməyib. Gedib “Saat meydanı”nda konsert verib, geri qayıtmışıq. Heç bir bahalı hədiyyə, artıq pul verilməyib. Danışdığımız qonorarı alıb, çıxıb gəlmişik. Heç Talıbovları real həyatda görməmişik”.

Xalq artisti Aygün Kazımova isə bu haqda danışmaq istəmədiyini bildirib.

Zaira Akifqızı
Globalinfo.az