Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu keçirdi – FOTOLAR

Martın 27-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Şıxakəran kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbulda  icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

Globalinfo.az bildirir ki, Taleh Qaraşov ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanları məlumatlandırıb. Bildirilib ki, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan ədalətli qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə yuxarı qurumlara rəsmi müraciərlər ünvanlanıb. İcra başçısı qeyd edib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarətindədir. Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq yerlərdə keçirilən səyyar görüşlər insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədini daşıyır.

Yerli insanları diqqətlə və təmkinlə dinləyən Taleh Qaraşov qaldırılan məsələlərin həllindən ötrü səlahiyyətli şəxslərə müvafiq tapşırıqlarını verib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti üzrə yuxarı qurumlara müraciət olunmasını səlahiyyətli şəxslərə tapşırıb.

Şıxakəran kəndinin sakinləri vətəndaş məmur arasındakı münasibətlərin inkişaf dinamikasından, habelə qaldırdıqları məsələlərə səmimi və nəticəyə yönəlik yanaşmadan razılıqlarını ifadə ediblər. Yerli insanlar ölkədəki sosial-iqtisadi inkişafa və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.