stock pexels 1779892584620 1200x630 1

Qaz xətti çəkdirmək və sürücülük vəsiqəsi almaqda kömək etmək vədi ilə iki nəfərdən ümumilikdə 4500 manat alan taksi sürücüsünə hökm oxunub.

Globalinfo.az Qaynarinfo-ya istinadla xəbər verir ki, məhkəmə müttəhimi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində (dələduzluğun təkrar törədilməsi) nəzərdə tutulan əməli törətməkdə təqsirli bilərək ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Onun saxlanıldığı 2 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Məhkəmə materiallarına əsasən, iş üzrə müəyyən edilən ilk epizod Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yol adlanan ərazidə yerləşən fərdi evə qaz xəttinin çəkilməsi ilə bağlı olub. Təqsirləndirilən şəxs ev sahibinə bu işin 3600 manat müqabilində həll olunacağını deyərək müxtəlif vaxtlarda ondan ümumilikdə 3200 manat alıb. Həmin məbləğin 1000 manatı nağd, 500 manatı ödəniş terminalı, digər hissəsi isə zərərçəkmiş şəxsin qızına məxsus bank kartı vasitəsilə ödənilib. Pulun alınmasına baxmayaraq, qaz xəttinin çəkilməsi ilə bağlı vəd yerinə yetirilməyib.

İkinci epizodda isə söhbət sürücülük vəsiqəsindən gedir. Təqsirləndirilən şəxsin A.İ. adlı vətəndaşa bu sənədi əldə etməyə köməklik göstərəcəyini deyərək müxtəlif vaxtlarda 200, 150, 800 və 150 manat aldığı bildirilir. Ümumilikdə 1300 manat təşkil edən vəsaitin sürücülük kursuna yazılma, sürücülük vəsiqəsinin alınması və tibbi arayış əldə edilməsi adı ilə verildiyi qeyd olunur.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə zamanı “Chevrolet Cobalt” markalı avtomobillə taksi sürücüsü işləyib. Saray qəsəbəsindən aldığı sifariş zamanı zərərçəkmiş şəxslə söhbət edib və onun evinə qaz çəkdirmək istədiyini öyrənib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra özünü yalandan qaz idarəsinin əməkdaşı kimi təqdim edib. Zərərçəkmişi Xırdalanda yerləşən Abşeron qaz idarəsinə aparıb, daha sonra Sumqayıtda “ASAN xidmət” mərkəzinə gedərək məsələnin həll edildiyi görüntüsünü yaradıb.

Paylaş: