TƏCİLİ: Düşmənin bu məntəqələri dağıdılmalı, PUA sistemləri sıradan çıxarılmalıdır

Hərbi ekspert açıqladı: Ordumuzun ilkin hədəfi bu olmalıdır

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri iki ölkənin şərti dövlət sərhədində təxribat törətməsi sonrası gərginlik artıb. Ordumuz cavab tədbirləri görsə də mövzu sosial şəbəkələrdə geniş müzakirə edilir. Xüsusilə bu tipli təxribatların və ümumilikdə hərbi toqquşmaların məhz sentyabr ayı baş verməsi diqqət çəkir.

Maraqlıdır, niyə məhz sentyabr ayında Ermənistan və Azərbaycan arasında gərginlik artır, hərbi toqquşmalar intensivləşir? Rəsmi Bakı hazırkı təxribatlar fonunda Ermənistan silahlı qüvvələrinə qarşı hansı cavab addımları ata bilər?

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ermənistanın sentyabr ayında təxribatları intensivləşdirməsi ənənə halını alıb:

Ədalət Verdiyev

“Artıq üçüncü ildir ki, biz bu prosesləri izləyirik. Ermənistan ordusu bundan öncə də təxribatlar törətmiş, həmin təxribatlara kifayət qədər təsirli cavablar vermişik.

Hesab edirəm, bu mövzuda təxribatlara da verəcəyimiz cavab sərt və adekvat olmalıdır. Xüsusilə Ermənistanın PUA-ları idarə etdiyi və təxribatların idarə edildiyi komanda məntəqələri sıradan çıxarılmalıdır.

Düşmənin hazırda atəş açdığı, yerləşdiyi mövqelər strateji baxımdan bizim üçün əlverişli olarsa, həmin mövqeləri darmadağın edib, Azərbaycan bayrağını sancıb, əsgərlərimizi oralara yerləşdirməliyik.

Prinsip etibarilə Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası aparılmayıb. Yəni təhlükəsizliyimizi təmin etmək üçün bu kimi tədbirlər görə bilərik. Ya da gələcəkdə bu kimi təxribatların qarşısını almaq üçün bufer zonaların yaradılmasına start verilməlidir”.

Turan Rzayev
Globalinfo.az