“Bu gün Şuşanın azad olunmasından 2 il ötür. Sözügedən tarixi qələbə İkinci Qarabağ müharibəsinin gedişatında həm hərbi, həm də siyasi baxımdan həlledici rol oynamışdı”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov Şuşanın azad olunması haqda danışarkən deyib. O bildirib ki, Şuşa əməliyyatı ordumuz üçün asan başa gəlməyib:
“Silahlı Qüvvələrimiz bu istiqamətdə xüsusi şücaət göstərib. Əsgər və zabitlərimiz, o cümlədən xüsusi təyinatlılarımız sıldırım qayalıqları keçib, yüksəklikləri fəth ediblər. Şuşa əməliyyatında yeni strategiyalardan, taktikalardan istifadə olunub. Küçə döyüşləri isə bu əməliyyatın kuliminasiya nöqtəsini təşkil edir. Təsadüfi deyil ki, Şuşa döyüşləri artq dünya hərb tarixinə düşüb. Müxtəlif hərbi məktəblərdə bu əməliyyat tədris edilir. Bəzi məqamların hələ də açıqlanmamasına rəğmən, bu döyüşlərin əhəmiyyəti çoxlarına məlumdur.
Düşmən Azərbaycan ordusunun Şuşaya girə biləcəyini və şəhərin azad ediləcəyini gözləmirdi. Qarşı tərəf xüsusi müdafiə səddi qurmuşdu, lakin Silahlı Qüvvələrimiz həmin səddi darmadağın etdi. Ordumuzun Şuşanı azad etməsi Rusiya üçün də gözlənilməz oldu. Rəsmi Moskva Şuşa əməliyyatınadək proseslərə qismən neytral yanaşırdı. Bunun əsas səbəbi Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanı qərbpərəst mövqeyinə görə cəzalandırmaq istəyi idi”.
Ekspertin sözlərinə görə, Kreml bəlkə də keçmiş Dağlıq Qarabağ istisna olmaqla, digər ərazilərimizin işğaldan azad edilməsinə razı idi:
“Şuşa, əslində, keçmiş DQMV-yə daxil olmayıb, onu süni şəkildə birləşdirmişdilər. Şuşanın azad edilməsi Rusiya üçün “soyuq duş” oldu. Təsadüfi deyil ki, şəhərin azad olunmasından sonra həm ora, həm də Bakıya raket atıldı. Şuşaya atılan “İsgəndər” raketinin haradan buraxılması müəyyənləşmədi. Məsələ ondadır ki, Ermənistanda “İsgəndər M” modifikasiyalı raket yoxdur. Deməli, hətta oradan atılmışdısa belə, bu raketi Ermənistana Rusiya verib”.
K.Novruzov bildirib ki, Şuşanın azad edilməsi Qərb dövlətləri, xüsusilə ABŞ və Fransa üçün də gözlənilməz oldu:
“Onlar anladılar ki, Azərbaycan artıq öz işini özü həll etmək yolundadır və daha kiminsə vasitəçiliyinə ehtiyac yoxdur. Bundan başqa, məhz Şuşa zəfəri nəticəsində İranın məkrli planları puç oldu. Məlum olduğu kimi, rəsmi Tehran 44 günlük müharibə dövründə qonşuluq və müsəlmanlığa zidd olaraq İrəvanı dəstəkləyirdi. Məqsəd regionda “düyünlərin açılmaması” idi. Amma Ermənistanın digər havadarları kimi, İran da çirkin niyyətinə çata bilmədi”.
K.Novruzov qeyd edib ki, üçüncü tərəflər Azərbaycanın daha irəli gedəcəyindən, Xankəndi və ətraf əraziləri də azad edəcəyindən narahat idilər:
“Azərbaycan ordusu cəmi bir neçə gün ərzində Xankəndini düşməndən təmizləyə bilərdi. Ordumuzun Şuşaya girməsi buna imkan verirdi. Hərbi ekspertlərin də dediyi kimi, Xankəndi aşağıda yerləşdiyinə görə Şuşadan ora nəzarət etmək çox asandır.
Biz daha çox itki olmasın deyə, 10 noyabrda Rusiyanın da iştirakı ilə üçtərəfli bəyanatı imzaladıq. Ermənistan kapitulyasiyasını etiraf etdi və konkret öhdəliklər götürdü. Razılığa əsasən, Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşməsi ilə paralel olaraq erməni birləşmələri ərazini tərk etməli idilər, lakin terrorçular hələ də ərazilərimizdədirlər.
Lakin unutmaq olmaz ki, Şuşa əməliyyatı Azərbaycanın hərbi-siyasi gücünü konkret olaraq nümayiş etdirdi. Əgər üçüncü tərəflər, o cümlədən Ermənistan yenə səbrimizi, gücümüzü yoxlamaq istəsə, “dəmir yumruq” növbəti dəfə havaya qalxacaq, antiterror əməliyyatı nəticəsində üçrəngli bayrağımız Xankəndidə dalğalanacaq”.
Turan Rzayev, Globalinfo.az