BeFunky collage 2

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi beş gündür ki, davam edir. Aksiyanın davamlı xarakter alması növbəti mərhələnin başladığına bir işarədir. Bu, etiraz aksiyası daha da böyüyəcəyini düşünməyə əsas verir.

Araşdırmaçı jurnalist Asif Nərimanlı Globalinfo.az-a məsələni şərh edərkən bildirib ki, azərbaycanlı ekoloqların 25 gündür davam edən aksiyası artıq müəyyən nəticə əldə edib:

“Etirazçıların tələbləri yerinə yetirilməsə belə, artıq prosesin başlanğıcı qoyulub. Azərbaycan xalqının iradəsinin bu formada ifadə olunması bundan sonrakı mərhələdə presedent formalaşdırıb. Gələcəkdə Qarabağda sülhməramlıların yerləşdirildiyi ərazilərdə suverenliyimizə qarşı istənilən addım atılarsa, hər kəs qarşısında Azərbaycan dövləti və hakimiyyəti ilə yanaşı, birbaşa Azərbaycan xalqını da görəcək”.

A.Nərimanlı aksiyanın miqyas baxımdan hələ ki, böyüyəcəyini düşünmür:

“İndi əsas istək də bu deyil. Orada konkret hədəf var. İstisna deyil ki, proses uzandıqca, tələblər bir az da arta bilər. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə Azərbaycanın idarəçiliyinin bərpası, separatizmin ləğv edilməsi baş verə bilər. Bu məsələ Azərbaycan xalqının iradəsidir”.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: