“Artıq ənənə halını alan Şuşa Global Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün mühüm platformadır. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycana qarşı informasiya hücumları artdı və burada əsas rolu erməni lobbisi oynayır”.
Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O bildirib ki, Şuşa türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, bölgənin strateji əhəmiyyət daşıyan məkanına çevrilir:
“Təbii ki, bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşır. Bilirsiniz ki, indiyə qədər Şuşada çoxsaylı tədbirlər təşkil olunub, müxtəlif dövlət başçıları bura səfər ediblər. Bu isə Şuşanın dünyanın diqqət mərkəzinə çevrilməsinə xidmət edir. Şuşa Qarabağın azadlıq simvoludur və bizim üçün mənəvi-stateji əhəmiyyəti var”.
Siyasi şərhçi onu da əlavə edib ki, Prezident İlham Əliyev forumda önəmli mesajlar verdi və bu mesajlar dünya mediasında yayımlandı:
“Dövlət başçısı geosiyasi vəziyyət, bölgə, sülh danışıqları prosesi, dünyanın gündəmində yer alan yaşıl enerji, Türk Dövlətləri Təşkilatı və digər vacib məsələlərlə bağlı ciddi mesajlar verdi. Azərbaycanın yürüdəcəyi siyasət eyni zamanda prinsipial mövqeyi açıqlandı. Həmçinin Fransa başda olmaqla ölkəmizi hədəfə alan müəyyən dairələrə konkret mesajlar verildi və Azərbaycanın prinsipial mövqeyi bir daha xatırladıldı”.
Turan Rzayev
Globalinfo.az