Türkiyəli politoloqdan seçki proqnozu – Hüsamettin İnancdan dəyərləndirmə

Türkiyədə keçiriləcək prezident seçkilərinə az bir vaxt qalmasına baxmayaraq müxalifətin namizədinin kim olacağı hələ də öz təsdiqini tapmayıb. İndiyə kimi namizədlik üçün adı ən çox ön plana çıxan 3 CHP üzvü var: Partiyanın sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş.

Maraqlıdır ki, Mansur Yavaş Türkiyə müxalifətinin vahid namizədi olmağa çox yaxındır.

67 yaşlı Mansur Yavaşın siyasi karyerasında olduqca diqqətçəkən məqamlar var. Bu məqamlardan ən diqqətçəkəni isə onun 2013-cü ildə Milliyyətçi Hərəkat Partiyasından ayrılaraq, Cümhuriyyət Xalq Partiyasına keçməsidir.

Maraqlıdır, Mansur Yavaş prezident seçkilərində hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana qalib gələ biləcək? Onun milliyyətçi keçmişi Azərbaycanla münasibətində korrekt olacağı anlamına gəlirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnanc deyib ki, müxalifətin sabah keçirəcəyi iclasda vahid namizəd kimi Mansur Yavaşı seçməsi milliyyətçilərin səsini almağa hesablanan bir addımdır:

“Lakin bu addımın onlar üçün əks təsiri də ola bilər. Belə ki, Mansur Yavaşın namizəd kimi irəli sürülməsi PKK terror təşkilatını dəstəkləyən HDP-nin dəstəyini geri çəkməsinə səbəb ola bilər. HDP Yavaşı namizəd kimi qəbul etməyəcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə məğlub olacağını düşünməsəm də belə bir ehtimalın ciddi nəticələrə səbəb olacağı bəllidir. Belə ki, müxalifət hazırda Avropa İttifaqı ilə paralel hərəkət edir və Kılıçdaroğlunun dili ilə desək, seçkilərdə qələbə qazanacaqları təqdirdə Ərdoğanın siyasətini yüz səksən dərəcədə dəyişəcəklər.

Hüsamettin İnanc

Yəni bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən uğurlu dönəmini yaşayırsa, müxalifətin seçkilərdə qələbə qazanmasından sonra münasibətlər ən aşağı səviyyəyə düşəcək. Mümkündür ki, Qarabağ məsələsində də CHP Avropa İttifaqının maraqlarını daha vacib görüb Şuşa Bəyannaməsini ləğv etsin. Çünki Qərb Ərdoğanın Qarabağ siyasətini dəstəkləmir.

Müxalifət seçkilərdə qalib gələrsə, Türkiyə soyuq müharibə illərində olduğu kimi təsirsiz, ABŞ maraqlarına xidmət edən bir ölkə olacaq”.

Turan Rzayev
Globalinfo.az