“Texnoloji inkişafın qarşısını almaq cəhdləri tarix boyu uğursuzluqla nəticələnib. Bu səbəbdən, yeniliklərlə ayaqlaşmaq zəruridir. Lakin avtonom nəqliyyat sahəsi hələ də dünyanın özündə çox da uğurlu sınaqdan keçmiş sahə deyil. Xüsusilə bu sahə mütəxəssisləri ilə hüquqşünaslar arasında indiyə qədər mübahisələr davam edir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.
O bildirib ki, hüquqşünaslıq ümumilikdə ictimai münasibətlərin tənzimlənməsi baxımından daha ehtiyatlı yanaşma tələb edir və bu səbəbdən hüquq sistemi çox vaxt ən gec yenilənən sahələrdən biri kimi çıxış edir:
“Buna görə də bu məsələlərdə daha diqqətli və balanslı yanaşma vacibdir. Xüsusilə son dövrlərdə hüquqşünaslıq sahəsində bəzi məsələlər daha aydın müzakirə olunmağa başlanıb. Belə ki, avtomobil nəqliyyatı və ümumilikdə bütün nəqliyyat vasitələri yüksək təhlükə mənbəyi hesab olunur. Bu anlayış qanunvericilikdə də öz əksini tapıb.
Yüksək təhlükə mənbəyi olan fəaliyyətlərdə məsuliyyət xüsusi xarakter daşıyır. Belə hallarda yalnız təqsir prinsipi deyil, bəzi hallarda təqsirsiz məsuliyyət də tətbiq olunur. Yəni, şəxsin birbaşa qəsdi və ya təqsiri olmasa belə, yüksək təhlükə mənbəyini idarə edən şəxs vurulan ziyana görə məsuliyyət daşıya bilər. Eyni zamanda, mülkiyyətçi də müəyyən hallarda maddi məsuliyyət daşıyır, çünki həmin vasitə yüksək risk mənbəyi hesab olunur”.
Deputat qeyd edib ki, bu gün avtonom nəqliyyat vasitələrində qərarvermə alqoritmləri hüquqşünaslar tərəfindən geniş müzakirə mövzusudur:
“Aparılan eksperimentlər göstərir ki, avtonom sistemlərin qərarvermə məntiqi insan qərarverməsindən ciddi şəkildə fərqlənir. Məsələn, bəzi test ssenarilərində zərər qaçılmaz olduqda sistemlərin “daha az ziyan prinsipi”nə əsaslanaraq seçim etməsi halları müzakirə olunur. Bu cür hallarda etik dilemmalar ortaya çıxır: kimə üstünlük verilməlidir –hamilə qadına, yoxsa uşağa; gənc insana, yoxsa yaşlı insana? Qərar verir ki, hamilə qadını vursun. Çünki sistem düşünür ki, bu ana hələ doğum etməyib, uşaq dünyaya gəlib-gəlməcəykmi bilinmir. Bəlkə qadın onu abort etmək istəyəcək? Amma digərləri real görünür. Yaşlı və gənc insan arasında seçim edəndə isə yaşlını vurur. Çünki düşünür ki, yaşlı insan ömrünü yaşayıb. Alqoritmlər çox vaxt statistik və proqnozlaşdırıcı yanaşmaya əsaslanaraq qərar verir, lakin insan düşüncəsi emosional, etik və sosial dəyərləri də nəzərə alır. Bu isə ciddi fərq yaradır. Hüquqşünasların əsas müzakirə etdiyi məqamlardan biri də budur ki, insan zərərin qaçılmaz olduğu hallarda “daha az zərər” prinsipinin tətbiqinə üstünlük verir. Avtonom nəqliyyat sistemləri ilə bağlı hazırkı mərhələdə müxtəlif hüquqi və texniki testlər aparılır və hələ ki, bu sahədə tam qəbul olunmuş hüquqi mexanizm formalaşmayıb”.
Safura Bənnayeva
Globalinfo.az