Sürətli bahalaşma zəlzələ ilə bağlıdır? – Deputat əsl səbəbləri göstərdi

Ölkədə ərzaq məhsullarının qiyməti sürətlə artmaqda davam edir. Bahalaşma demək olar ki, hər gün müşahidə olunur. Bu vaxta qədər qiymət artımı Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirilirdi, lakin Türkiyədə baş verən zəlzələdən sonra da bahalaşmanın sürətləndiyini görürük.

Bəs qardaş ölkədə baş verən zəlzələnin Azərbaycanda bahalaşmaya səbəb olması haqda deyilənlər nə dərəcədə doğrudur?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Vahid Əhmədov bahalaşmanın qardaş ölkədəki zəlzələ ilə əlaqəli olmadığını deyib.

O bildirib ki, zəlzələdən öncə də sürətli bahalaşma olub:

“Zəlzələdən əvvəl də, sonra da bahalaşma öz axarı ilə gedir. Bu, tək Türkiyə ilə bağlı məsələ deyil. Əsasən, Rusiya-Ukrayna müharibəsi ilə bağlı amildir. Ümumiyyətlə, dünyada gedən proseslər və ərzaq qıtlığı burada rol oynayır.

Digər tərəfdən də, kifayət qədər məhsul idxal edən dövlətlər sırasına daxilik. Sirr deyil ki, biz ixracdan çox idxal edirik. Xüsusilə də ərzaq və dərman vasitələri gətiririk. Ona görə də, qiymət artımı müşahidə olunur.

Var süni qiymət artımı, bir də obyektiv qiymət artımı. Bizdə süni qiymət artımı kifayət qədərdir. Bu da öz təsirini göstərir. Ona görə də, bunu Türkiyədəki zəlzələ ilə əlaqələndirmirəm”.

Zaira Akifqızı

Globalinfo.az