Sürət qatarı ilə Ağstafaya niyə 5 saat gedilsin? – RƏSMİ CAVAB

Mart 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılacaq.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımaları həyata keçiriləcək. Rəsmi məlumata görə, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq.

Bakıdan rayonlara işləyən sürət qatarının sürətinin azlığı müzakirələrə səbəb olub. Belə ki, insanlar 450 km yolu sürət qatarı ilə 4 saat 55 dəqiqə ərzində qət etməyin çox gec olduğunu deyirlər. Bildirilir ki, sürət qatarı ilə taksi və ya şəxsi avtomobil demək olar ki, eyni vaxtda çatırlar.

Elyar Muradov

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında Azərbaycan Dəmir Yolu Sərnişin daşımaları Departamentinin rəisi Elyar Muradov hər bir halda sürət qatarının daha tez ünvana çatdığını deyib.

O bildirib ki, qatar, infrastrukturun imkan verdiyi sürətlə hərəkət edir:

“Orada orta sürət həddi ilə hesabladıqda qatarın dayanacaqda saxladığı vaxt da nəzərə alınır. Ona görə də, düşünürəm ki, qatar lazımi sürətlə hərəkət edir.

Dayanacaqları da nəzərə alsaq, qatarın orta sürət həddi saatda 100 km-dir. Mənim fikrimcə, orta sürət həddi yaxşıdır. Ümumiyyətlə, bugünkü gündə infrastrukturun maksimal sürəti saatda 140-km-dir. Ona görə də, inanmıram ki, taksi 4 saata Ağstafaya çata bilər. Əgər gedirsə, demək ki, təyin olunan sürət həddini aşmış olur”.

Zaira Akifqızı

Globalinfo.az