Süni intellekt maraqlı siyahı hazırladı: Atatürk sağ olsaydı, bu gün hansı mahnıları bəyənərdi?

Türkiyədə “Şişecam” şirkəti cümhuriyyətin 100-cü ildönümündə Mustafa Kamal Atatürklə bağlı xüsusi bir layihəyə imza atıb.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, şirkət süni intellekt vasitəsilə “Atatürkün ən çox bəyənəcəyi mahnılar” siyahısını hazırlayıb.

Bununla bağlı şirkətdən məlumat verilib.

Məlumata görə, şirkət süni intellekt layihəsi üçün musiqi tədqiqatçısı Serhan Bali, Boğaziçi Universitetinin professoru Cem Say, yaradıcı texnoloq Zeynep Nal Sezer, süni intellekt rəssamı Bager Akbaydan ibarət xüsusi qrupla çalışıb.

Layihə çərçivəsində ilk olaraq bütün mənbələrdə Atatürkün sevdiyi mahnılar kimi tanınan əsərlər süni intellektə tanıdılıb. Daha sonra süni intellekt bu mahnıları not, diapazon, tərz, söz, temp, tezlik və s. baxımından təhlil edib.

Layihənin ikinci mərhələsində Atatürkün “Ən çox bəyənəcəyi” mahnılarını tapmaq üçün yenə süni intellekt tərəfindən minlərlə gözəl mahnı araşdırılıb və onun sevdiyi mahnılara bənzəyənlər sıralanıb.

“Şişecam” şirkəti bu layihənin Türkiyə Cümhuriyyətinin müstəqillik və modernləşmə mübarizəsinin lideri Atatürkün musiqi zövqünün dərk edilməsinə töhfə verdiyinə inanır.

Süni intellektin hazırladığı siyahıda Şebnem Ferah, Teoman, Zeki Müren, Semiha Yankı, Moğollar, Melike Şahin kimi Türkiyənin tanınmış sənətçilərinin sürpriz mahnıları yer alıb.